
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur.
Qaynarinfo xəbər verir ki, dünyanın 100-dən çox ölkəsini tək səyahət edən amerikalı səyyah Keytlin Rosati "Business Insider" üçün hazırladığı məqalədə solo səyahətlərə yeni başlayanlar üçün uyğun hesab etdiyi 5 ölkənin adını açıqlayıb.
Rosati ilk dəfə 25 yaşında, Nyu-Yorkda barmen işləyərkən tək səyahətə çıxıb. 36-cı doğum günündə isə Uqanda ilə Ruanda arasındakı sərhədi keçərək 100-cü ölkəsini ziyarət edib. Onun sözlərinə görə, uzun illər ərzində topladığı təcrübə yeni başlayan səyahətçilər üçün xüsusilə uyğun olan istiqamətləri müəyyənləşdirməsinə kömək edib.
Tailand
Rosatinin xaricə tək səfər etdiyi ilk ölkə Tailand olub. İlk səyahəti zamanı o, Cənub-Şərqi Asiyanın gecə bazarlarını gəzib, hostellərdə digər səyahətçilərlə tanış olub və yerli mətbəxi kəşf edib. On il sonra ölkəyə qayıdan səyyah Tailandın hələ də tək səyahət edən turistlər üçün əla seçim olduğunu görüb.
Tailand müxtəlif zövq və büdcələrə uyğun istirahət imkanları təklif edir. Banqkokda küçə yeməklərindən və "Michelin" ulduzlu restoranların təamlarından dadmaq, Samui və Phi-Phi adalarında isə çimərliklərdən və dayvinqdən zövq almaq mümkündür.
Ölkədə bel çantası ilə səyahət mədəniyyətinin inkişaf etməsi və hostellərin çoxluğu da digər turistlərlə tanış olmağı asanlaşdırır.
Yeni Zelandiya
Növbəti tövsiyə olunan istiqamət Yeni Zelandiyadır. Rosati bu ölkəni dünyanın ən gözəl ölkələrindən biri hesab edir. Xüsusilə Cənub adası boyunca avtomobillə etdiyi səyahət onda böyük təəssürat yaradıb.
Nyu-Yorkda şəhər həyatına öyrəşdiyini və nadir hallarda avtomobil sürdüyünü deyən müəllif bir həftəlik səfər zamanı kemperlə səyahətin üstünlüklərini qiymətləndirib.
O, ziyarət edilməli məkanlar arasında panoramik mənzərələri ilə məşhur Roys-Pik dağı və parlaq mavi suları olan Pukaki gölünü xüsusi qeyd edir. Rosati həmçinin tək səyahət edərkən və kemperdə gecələyərkən özünü təhlükədə və ya narahat hiss etmədiyini vurğulayıb.
İtaliya
Rosati İtaliyanı sevimli istiqamətlərindən biri və ən çox qayıtdığı ölkə adlandırır. Onun fikrincə, tək səyahət romantik hesab olunan məkanları ziyarət etməyə mane olmamalıdır. Məsələn, o, digər turistlərin diqqətini cəlb etmək ehtimalına baxmayaraq, Venesiyada qondola ilə gəzintiyə çıxmağı tövsiyə edir.
Yeni insanlarla tanış olmaq istəyənlər üçün səyyah Romada Trastevere rayonunda qastronomik turları və Toskana bölgəsində şərab turlarını məsləhət görür.
Nəşrdə qeyd olunur ki, İtaliya mədəniyyət abidələrini, qastronomik təəssüratları və ünsiyyət imkanlarını bir araya gətirir. Buna görə də ölkə tək səyahət edənlər üçün də əlverişli seçimdir.
Özbəkistan
Özbəkistan Rosatinin son illərdə kəşf etdiyi ən maraqlı istiqamətlərdən biri olub. Səyahətlərinə başlamazdan əvvəl bu ölkə haqqında demək olar ki, heç nə bilmədiyini deyən müəllif səfərdən sonra solo səyahət planlaşdıran digər turistlərə də Özbəkistanı tövsiyə edir.
Onun sözlərinə görə, əvvəlcədən tanıdığı səyahət yoldaşları olmasa da, piyada ekskursiyalar zamanı və yerli restoranlarda digər qadın səyahətçilərlə ünsiyyət qurmaq imkanları olub.
Rosatidə xüsusilə tarixi irsi və sakit atmosferi ilə Səmərqənd, eləcə də Daşkənd böyük təəssürat yaradıb. Paytaxtda o, Çorsu bazarı və "Özbəkistan" oteli kimi tarixi məkanları ziyarət edib.
Səyyah həmçinin ictimai nəqliyyatdan istifadə etməyin rahatlığını vurğulayıb. Bu amil ilk dəfə tək səyahət edənlər üçün xüsusilə əhəmiyyətli ola bilər.
İslandiya
Beşinci tövsiyə İslandiyadır. Müəllif bu ölkəni yüksək təhlükəsizlik səviyyəsinə malik istiqamətlər arasında qeyd edir. Bununla belə, Rosati təhlükəsizlik hissinin fərdi olduğunu və insandan-insana, eləcə də konkret şəraitdən asılı olaraq dəyişə biləcəyini bildirir.
Reykyavikdən "Qızıl dairə" adlanan marşrut üzrə səfəri zamanı o, ekskursiya iştirakçılarının əksəriyyətinin də tək səyahət etdiyini müşahidə edib.
İslandiyanın digər üstünlükləri arasında qeyzerlər, aktiv vulkanlar, şəlalələr və şimal işıqları xüsusi qeyd olunur.
Bununla belə, ölkənin məhdud büdcə ilə səyahət edən turistlər üçün ciddi çatışmazlığı var. Rosatinin müşahidələrinə görə, hosteldə ortaq otaqda bir çarpayının qiyməti belə adətən gecəlik 50 dollardan başlayır.
Aydın

