Xəbər lenti

"Yüksək maaş, hazır yaşayış yeri" - Xaricdə iş elanlarının görünməyən üzü
Ekonomiks21:57 17.10.2026

"Yüksək maaş, hazır yaşayış yeri" - Xaricdə iş elanlarının görünməyən üzü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kölndə işsiz qalmışam. İşə gətirən atıb gedib. Bir neçə həftədir telefonuna zəng çatmır. Bir iş köməkliyi olsa, hətta fəhləlik olsa belə olar...”

Sosial şəbəkələrdə paylaşılan bu müraciət Almaniya və digər xarici ölkələrə yüksək maaş vədi ilə aparılan, sonradan çətin vəziyyətdə qoyulan şəxslərlə bağlı narazılıqları yenidən gündəmə gətirib. Təcrübələr göstərir ki, iş tapmaq ümidi ilə başqa ölkələrə gedən azərbaycanlılar bəzən orada nə iş, nə də yaşayış yeri ilə təmin olunurlar. Nəticədə insanlar tanımadıqları ölkədə köməksiz vəziyyətdə qalırlar. İş vədləri isə əsasən öz həmvətənlərimizdən gəlir...

Bəs insanları xaricdə iş vədi ilə apararaq sonradan çətin vəziyyətdə qoymaq hansı hüquqi məsuliyyət yarada bilər?

Ciddi hüquqi qiymət tələb edən məsələ

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev məsələnin ciddi hüquqi qiymət tələb etdiyini bildirir: “İnsanları xaricdə yüksək maaşlı iş yeri, oxuma vədi ilə aparıb sonra onları taleyin ümidinə buraxmaq çox təhlükəli nəticələr doğurur. İnsan tanımadığı ölkədə işsiz və yaşayış yeri olmadan qala, dili bilmədiyi üçün öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkə bilər. Bu vəziyyət onu qanunsuz işləməyə, ağır və təhlükəli əmək şəraitini qəbul etməyə və müxtəlif şəxslərdən asılı vəziyyətə düşməyə məcbur edə bilər. Sonradan həmin şəxslər əməkhaqqı ödənilmədən işlədilə, sənədləri əllərindən alına, deportasiya ilə hədələnə və digər qanunsuz əməllərə cəlb oluna bilərlər”.

“İş təklif edən hər kəsin niyyəti xoş olmaya bilər”

Ə. Nuriyev qeyd edib ki, şəxsi xaricə aparan tərəfin əvvəlcədən real iş yerinin olmadığını bildiyi halda sənədləşmə və işə düzəltmə adı ilə pul alması müəyyən edilərsə, dələduzluq əlamətlərinin olub-olmaması araşdırılmalıdır: “Əgər real iş razılaşması olub və sonradan müəyyən səbəblərdən baş tutmayıbsa, məsuliyyət məsələsi də konkret hallardan asılı olaraq qiymətləndirilə bilər. Bu zaman yazışmalar, verilmiş vədlər, ödəniş sənədləri və digər sübutlar mühüm əhəmiyyət daşıyır”. Hüquqşünas köməksiz vəziyyətdə olan şəxslərin şəxsi əlaqə məlumatlarını, xüsusilə telefon nömrələrini sosial şəbəkələrdə açıq şəkildə paylaşmasının da təhlükə yarada biləcəyini bildirir: “Şəxsə iş təklif edən hər kəsin niyyəti xoş olmaya bilər. Əksinə, bu cür açıq paylaşımlar həmin insanı yeni istismar riski ilə üzləşdirər”. Hüquqşünasın sözlərinə görə, əgər şəxsin xaricə aparılmasında əvvəlcədən istismar niyyəti olubsa, hadisə yalnız məsuliyyətsizlik kimi deyil, dələduzluq, insan alveri və məcburi əmək əlamətləri baxımından da araşdırılmalıdır: “Bu sahədə maarifləndirmə də vacibdir. Bəzi şəxslər təhsil və iş vədi ilə aldadılsalar da, sonradan qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etmirlər”. Hüquqşünas belə hallarla üzləşən şəxsləri hüquqi yardım üçün aidiyyəti dövlət qurumlarına, o cümlədən Daxili İşlər Nazirliyinin və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətlərinə təqdim etməyə çağırır. Onun fikrincə, belə hallarla rastlaşanlar olduqları ölkənin polis orqanlarına, ölkəmizin səfirlik və konsulluğuna, QHT-lərə, sığınacaqlara və etibarlı yardım qruplarına müraciət etməkdən çəkinməməlidirlər.

Əmək müqaviləsi, miqrasiya statusu...

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin (İB) rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, qadın və uşaqlarla işlədikləri üçün bu mövzuda çoxsaylı müraciətlərlə qarşılaşır: “Xüsusən qadınlar iş elanlarını görüb xaricə üz tuturlar. Onların arasında gənc xanımlar da olur. Belə hallarda qanunvericiliyin pozulması riski yaranır. Bu, həm əməyin istismarı, həm də insan alveri təhlükəsi ola bilər. Hadisə xaricdə baş verdikdə onun araşdırılması daha çətin olur”. İB rəhbəri hesab edir ki, insanlar yeni peşə imkanları əldə etmək və ailələrinin maddi vəziyyətinə dəstək olmaq baxımından belə elanları fürsət kimi dəyərləndirirlər: “Amma rəqəmsal mühitdə risklər real mühitlə müqayisədə daha çoxdur. Bu mühitdə müxtəlif şübhəli iş elanlarının yayılması və insanlara çatdırılması asanlaşır. Təəssüf ki, həmişə uğurlu nəticə müşahidə etmirik: “Yüksək maaş olacaq”, “Təcrübə tələb olunmur”, “Yerləşmə üçün hər şey hazırdır…” kimi vədləri dərindən araşdırdıqda görürük ki, bəzən ortada nə peşəkar yanaşma, nə də dürüstlük olur. Hətta insanlardan əvvəlcədən müəyyən məbləğdə pul tələb edilir və “bu qədər maliyyə ödənişi et, biz prosesi başladaq” deyilir”.

K.Aşumovanın sözlərinə görə, əsas risklərdən biri əmək müqaviləsinin yoxluğu, vəd edilən işlə faktiki görüləcək işin fərqli olmasıdır: “Çox az insan ölkədən getməmişdən əvvəl qarşı tərəfdən əmək müqaviləsini elektron qaydada əldə edir və imzalayır. Halbuki bu sənəd həmin şəxs üçün hüquqi əsas yaradır və sonradan hüquqlarını müdafiə etmək, şikayət etmək imkanı verir. Ona görə insanların özlərini sığortalaması üçün bu prosesə hələ öz ölkələrində ikən başlamaları vacibdir”. Ekspert bildirir ki, prosesdə miqrasiya statusu da mühüm amildir: “Şəxs gedəcəyi ölkədə hansı statusda yaşayacaq?”, “Orada nə qədər qala biləcək?” Bəzən altı aydan sonra məlum olur ki, şəxsin oturum icazəsinin müddəti bitib. Bundan sonra isə cərimə və hətta deportasiya riski ilə üzləşə bilir”. K.Aşumova bildirir ki, xaricdən iş təkliflərində təhlükəli siqnalları əvvəlcədən müəyyənləşdirmək lazımdır: “İlk növbədə dəvət edən şirkət araşdırılmalı, rəsmi saytı, sosial şəbəkə hesabları nəzərdən keçirilməli, fəaliyyəti, gördüyü işlər barədə yayılan xəbərlər araşdırılmalıdır”.

“Ziyanın yarısından qayıtmaq da böyük şeydir”

K.Aşumova bildirir ki, xüsusən qadın və qızlar gedəcəkləri ölkədə harada və hansı şəraitdə yaşayacaqları ilə bağlı riskləri də nəzərə almalıdırlar: “Tövsiyə edirik ki, insanlar gedəcəkləri ölkələrdə səfirliklər, icma nümayəndəlikləri və digər müvafiq qruplarla əvvəlcədən əlaqə saxlasınlar. Həm xaricdə, həm ölkəmizdəki qaynar xətlərə müraciət etsinlər. Bu baxımdan, maarifləndirmə çox vacibdir. İnsan riskin qarşısını əvvəlcədən ala bilirsə, bu, ən böyük təcrübədir. Ziyanın yarısından qayıtmaq da böyük şeydir”.

Mənbə: "Kaspi" qəzeti