Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, “Parade” nəşrinin yazdığına görə, yaş artdıqca ürək-damar xəstəlikləri riski də yüksəlir. Kardioloq Alberto Moralesin sözlərinə görə, yaşla birlikdə damarlar sərtləşir, arterial təzyiq yüksələ və damarlarda tədricən aterosklerotik lövhələr toplana bilər.
Bundan əlavə, 50 yaşdan sonra metabolik dəyişikliklər baş verir. Xolesterinin səviyyəsinin yüksəlməsi, insulin müqavimətinin inkişafı və iltihabi proseslərin güclənməsi ürək-damar sisteminin yükünü artıra bilər.
Qadınlar 50 yaşdan sonra ürəklərinə niyə daha çox diqqət etməlidirlər?
Kardioloq Nişa Parixin sözlərinə görə, yaş artdıqca qadınlarda bir neçə risk faktoru eyni vaxtda ortaya çıxa bilər. Bunlara yüksək arterial təzyiq, xolesterinin artması, artıq çəki, prediabet və diabet daxildir.
Menopauzadan sonra isə daha bir mühüm amil əlavə olunur. Moralesin izahına görə, estrogen hormonu ürək-damar sisteminə qoruyucu təsir göstərir. Menopauza zamanı estrogen səviyyəsinin azalması bu qoruyucu təsirin zəifləməsinə səbəb olur.
Yeməkdən sonra hansı vərdişdən imtina etmək lazımdır?
Məqalə üçün fikirləri alınan hər iki kardioloq eyni tövsiyəni verib: yeməkdən dərhal sonra uzun müddət oturmaq məsləhət görülmür.
Bunun əvəzinə nahardan və ya qəlyanaltıdan sonra 10–15 dəqiqəlik gəzintiyə çıxmaq tövsiyə olunur.
Morales qeyd edib ki, yeməkdən sonra qanda şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələ bilər. Bu zaman fiziki aktivlik orqanizmə yaranan metabolik yükün öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
Parix isə xüsusilə şirin məhsullar qəbul etdikdən sonra insulinin səviyyəsində baş verən dəyişikliklərə diqqət çəkib. Buna görə desert və ya şirin qəlyanaltıdan sonra qısa gəzinti də faydalı ola bilər.
Həkimlərin sözlərinə görə, ümumilikdə hərəkətsiz həyat tərzi ürək-damar xəstəlikləri üçün risk faktorlarından biridir. Əksinə, müntəzəm fiziki aktivlik bu riski azaltmağa kömək edə bilər.
Ürək sağlamlığı üçün daha nə etmək olar?
Kardioloqlar fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirməyi məsləhət görürlər. Nahardan sonra qısa gəzinti hər gün asanlıqla davam etdirilə bilən sadə vərdişə çevrilə bilər.
Həkimlər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin bir çox risk faktorunu sağlam qidalanma və müntəzəm fiziki aktivlik vasitəsilə nəzarətdə saxlamaq mümkündür.
Aydın
Şərhlər