Dünya 21:10 04.09.2023

Avropada canavar sürüləri artır - AK milli hökumətlərə çağırış etdi

Avropa İttifaqı (Aİ) Avropada artan canavarların fermerlərə və insanlara zərər verə biləcəyini əsas gətirərək, yerli və milli hökumətləri tədbir görməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, Avorpa Komissiyasından verilən açıqlamada, uzun illərdir qitədə görünməyən canavar sürülərini artan sayda yenidən görünməyə başladığı bildirilib. Açıqlamada təsərrüfatlarda canavarların mal-qaraya hücumuna qarşı tədbir görülmədiyi xatırladılıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Avropanın bəzi ərazilərində canavar sürüsü sıxlığı heyvandarlıq və bəlkə də insanlar üçün real təhlükəyə çevrilməyə başlayır. Mən yerli və milli hakimiyyət orqanlarını zəruri hallarda tədbir görməyə çağırıram. Mövcud Avropa İttifaqı qanunları artıq hərəkətə keçməyə imkan verir".

Komissiya həmçinin Avropada canavarların yenidən peyda olması ilə bağlı yaranan problemlərə dair araşdırmalar çərçivəsində yerli hakimiyyət orqanlarını, alimləri və maraqlı tərəfləri canavar populyasiyası və onların təsiri ilə bağlı məlumatlarını göndərməyə çağırıb.

Qeyd olunub ki, toplanmış məlumatlardan canavarların mühafizəsi haqqında qanunların lazım olduqda daha ​​çevik edilməsi təkliflərində istifadə oluna bilər.

Aydın