Avropada zamanın dayandığı və qiymətlərin 10 ildir dəyişmədiyi şəhər (FOTO/VİDEO)
Əgər Almaniyada büdcəyə uyğun səyahət axtarırsınızsa, məşhur festivallarla dolu Münhen əvəzinə Bamberq şəhərinə baş çəkmək yaxşı alternativ ola bilər.
Qaynarinfo xəbər verir ki, səyyah və "YouTube" bloqeri "Wolters World" kanalında paylaşdığı videoda Bamberqi "Avropanın zamanla donmuş xəzinəsi” adlandırıb. Onun sözlərinə görə, burada qiymətlər demək olar ki, son 10 ildə dəyişməyib.
Bamberq - canlı tarix və qədim memarlıq
Bamberq Bavariyanın Yuxarı Frankoniya bölgəsində, Münhendən təxminən iki saat, Frankfurtdan isə üç saatlıq məsafədə yerləşir. Şəhər bir neçə dəfə Avropanın ən gözəl şəhərləri siyahısına düşüb və UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Bamberq çox zaman Frankoniyalı Roma adlandırılır və bu heç də təsadüfi deyil - şəhər yeddi təpə üzərində salınıb və Orta əsrlərdən qalan memarlıq nümunələrini qoruyub saxlayır. Tarixi mərkəzdəki daş evlər, möhtəşəm saraylar, qalalar və kilsələr xüsusi diqqət çəkir. Onların arasında ən məşhuru XIII əsrə aid Bamberq kafedralıdır, burada Almaniyada yeganə papaya məxsus məzar - Papa II Klementin sarkofaqı yerləşir.
Digər diqqətəlayiq məkan isə Müqəddəs Mixail monastırıdır. Onun barokko üslubundakı bağında 570-dən çox bitki növü yetişdirilir və burada şəhərə baxış üçün möhtəşəm bir terasa da mövcuddur.
Bamberq - pivə və mətbəx sevərlərin cənnəti
Bamberq təkcə tarixi ilə deyil, həm də unikal pivə mədəniyyəti ilə tanınır. Şəhər, xüsusilə ənənəvi hisə verilmiş pivə (Rauchbier) ilə məşhurdur. Bu pivə "Schlenkerla” və "Brauerei Spezial” adlı yerli pivəxanalarda hazırlanır. Şəhərdə ümumilikdə 13, ətraf bölgədə isə əlavə 60 pivəxana fəaliyyət göstərir ki, bu da Bamberqi Almaniyada pivə turizmi üçün ən yaxşı ünvanlardan birinə çevirir.
Qastronomiya həvəskarları üçün isə Schäuferla (tünd pivə marinadında bişirilmiş donuz çiyni), kartof köftəsi və kələmlə təqdim olunur. Eyni zamanda, Blaue Zipfel adlı göy rəngli sosislər də məşhurdur — bunlar ağ şərab, sirkə, soğan və ədviyyatlarda marinad edilərək hazırlanır. Bu yeməklər duzlu krendel (brezel) və yerli pivə ilə birlikdə ideal dad təcrübəsi yaradır.
Qiymətlər və turist sıxlığı
Bloqerin fikrincə, Bamberq digər turistik şəhərlərlə müqayisədə daha sakit və münasib qiymətlidir. O, yarızarafatla qeyd edib ki, şəhərdə qiymətlər demək olar ki, son 10 ildə dəyişməyib. Bu isə onu Qərbi Avropada səyahət üçün ideal və qənaətli məkanlardan birinə çevirir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər