Xəbər lenti

Sənət 10:56 21.10.2025

"Bu sistem Azərbaycana milyonlarla valyuta gətirəcək" - Pərviz Məmmədov kino islahatından danışdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı Sərəncam imzalayıb. Sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədi daşıyır. Sərəncamla film istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi sistemi fəaliyyətə başlayacaq. Nəticədə film istehsalı ilə bağlı çəkilən xərclərin müəyyən hissəsi istehsalçıya qayıdacaq.

Bundan başqa, Nazirlər Kabineti "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qaynarinfo bu mövzuda "Ultra Production” kino şirkətinin rəhbəri Pərviz Məmmədovla danışıb. Pərviz Məmmədov müsahibəsində film çəkilişi üçün xərclərin qismən geri ödənilməsi sisteminin Azərbaycan kino sənəti üçün əhəmiyyətinin böyük olduğunu bildirib.

- Azərbaycanda yeni olan bu sistem dünyanın bir çox ölkələrində var. Bu, dünyada tanınmış sistemdir. Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi sistemi Gürcüstanda pandemiyadan əvvəl qəbul olunub. Biz "Ultra Production” olaraq həmin vaxt Gürcüstanda işləyirdik. Saysız-hesabsız ölkələrdən Gürcüstana kino çəkməyə gəlirdilər. Bu sistem ölkəyə milyonlarla valyuta gətirir və yerli kinonun inkişafına yol açır. Aktyorlar dünyanın tanınmış kino adamları ilə işləyir, onları tanıyır. Operatorlar, işıqçılar öyrənir, çəkiliş zamanı praktika keçir.

- Sərəncama əsasən, xarici ölkə rejissorlarının çəkdiyi filmlərin ssenarisi Azərbaycan tərəfinə aid olacaq, yoxsa…

- Ssenari onların özünə aiddir. Dövlətin qanunu var, çəkiləcək kinoların ssenariləri nəzərdən keçirilməlidir. Kimsə gəlib burada hansısa üçüncü bir ölkəyə qarşı və yaxud da Azərbaycanın özünə qarşı film çəkə bilməz. Bu, təkcə Azərbaycan tərəfinin deyil, bütün dünyanın standartlarıdır. Biz ssenarini qəbul edib baxırıq, bəyənirik və sonra Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) müraciət edirik. Agentliyin nəzdində komissiya var, onlar da ssenariyə baxır və kinonun çəkilməsinə icazə verilir. Neçə illərdir ki, bu sistemin həyata keçməsini nazirlikdən istəyirdik. 17-18 ildir ki, prodakşn rəhbəriyəm. Bu qaydaların hazırlanmasına və qəbul olunmasına məhz bu günkü Mədəniyyət nazirinin komandası nail oldu. Bir neçə dəfə bazar oyunçuları ilə məsləhətlər aparıldı, mövqeyimiz öyrənildi, digər qurumlarla iş aparıldı. Ölkənin məhz film komissiya ölkəsi kimi inkişaf etdirilməsi bir neçə qurumun vəzifəsidir. Əlbəttə ki, Mədəniyyət Nazirliyi və tabeliyində fəaliyyət göstərən Kino Agentliyi əsas oyunçulardır.

- Prodüsserlər film çəkmək üçün Azərbaycanın məkanlarını necə seçəcək?

- Xarici ölkələrdə sərgilər keçirilir. Nazirlik və ARKA Azərbaycanın xarici ölkələrdə sərgilərini təşkil edirlər. Dünyada kino sərgiləri var ki, ona məkan sərgiləri deyirlər. Ora bütün dünyadan rejissorlar, prodüsserlər gəlirlər və film çəkiləcək məkanlara baxırlar. Bizim də həmin sərgilərdə məkanlarımız nümayiş olunur.

- Bu günə kimi hansı ölkələr Azərbaycanda film çəkib?

- Ən çox kino çəkən ruslar və hindistanlılar olub. Onlar filmləri məkana görə Azərbaycanda çəkirdilər. Amma bəzi ölkələr Azərbaycanda haqqında danışdığımız sistemin olmadığını biləndə film çəkməkdən imtina edib, Gürcüstana gedirdilər. Bu sistem vasitəsilə dünyaya çıxıb və həmin ölkələrdən Azərbaycana ən peşəkar film çəkənləri gətirəcəyik. Hindistan gündə orta hesabla 3 film çəkir, ildə 900-dən çox film istehsal edirlər. Hindistanda nə qədər məkan varsa, hamısı göstərilib. Rejissorlar təzə məkan göstərmək istəyir. İndi onlar rahatca Azərbaycana gəlib çəkiliş edə biləcəklər. Tək film deyil, həm də klip, reklam ola bilər. Bunların hər biri qərarda yer alıb. Bunun turizmə də faydası olacaq.

- Turizmə hansı formada təsir edəcək?

- Bunun turizmə faydası böyükdür. Amerikalılar, avropalılar kinoteatrlarda oturub Bakının gözəl yerlərini görəndə deyəcəklər ki, gedib oranı canlı görüm. Çalışırıq dünyaca məşhur aktyorlar, rejissorlar Bakıya gəlsin. Bunun üçün bizə Mədəniyyət Nazirliyi, ARKA ilə yanaşı, digər aidiyyəti qurumlar da dəstək verməlidir. Film çəkmək üçün lazım olacaq məkanlara giriş icazəsi olmalıdır. Məsələn, rejissor film çəkmək üçün Neftçilər prospektini bağlaya bilməlidir. Bütün dünyada bu normal prosesdir. Kinematoqrafçılar film çəkmək üçün məkanın pulunu ödəyir. Ərazidə olan dükanlar, kafelər bağlanılır, gündəlik alverin pulu onlara ödənilir. Məkanların hamısının qiyməti var. Yeni sistemdə hər şey açıqdır, sabah kiminsə cibinə 100 manat qoyub icazə almayacağıq. Biz dövlətə doğrudan da həmin pulların xərcləndiyini göstərməliyik. "Qara kassa” olmayacaq, hamı maaş alacaq. Bu gün Azərbaycanda kino işçisinə verilən pulu Gürcüstanda kiməsə versək, gülüb çıxıb gedər, heç bizimlə söhbət etməz.

- Sistemlə bağlı narazı olduğunuz, işinizi ləngidən qurumlar, nazirliklər var?

- Yox, belə bir şey yoxdur. İcra hakimiyyəti, yaxud da hər hansı nazirliyin nəzdində publik hüquqi şəxslər var ki, onlara pul ödəməliyik. Həmin pulu ödəyib müqavilə bağlayandan sonra sabah hansısa "Jek” müdiri gəlib çəkilişi saxlaya bilməz. Biz bu kimi hallarla rastlaşmışıq. Belə hallarda niyə əl-ayağa düşüb, icra başçısını axtarmalıyıq, yaxud da hansısa naziri? Əlimizdə icazə sənədi olsa, heç kəs bizə mane olmayacaq. Bakı kimi şəhərdə yolu bağlamaq nə deməkdir? Bunun üçün pul ödənməlidir. Film çəkəndə bizə silah lazım ola bilər. Niyə istifadə etməyək? Müqavilə bağlayıb, pulunu ödəyək və istədiyimiz kimi istifadə edə bilərik. Biz bu sistemdə pul xərcləməyəcəyik, əksinə, xarici ölkələrə xərclətdirəcəyik. Azərbaycan kino çəkilişi üçün ən əlverişli məkanlardan biridir. 3-4 saat müddətində dənizdə, 2 saatdan sonra dağda, bir saatdan sonra isə səhrada çəkiliş edə bilərik. Rusiyada isə bu mümkün deyil, gərək qrupu və çəkiliş avadanlığını götürüb uzaq bir məkana gedəsən. Bu da günlər tələb edir. Azərbaycanda film çəkmək üçün hər cür fürsət var. Hər şey hazırdır, qalır gəlmək və çəkmək.

- Kinoya çəkilən xərc hansı müddətə geri qayıdır?

- Kino investisiyası ən tez qayıdan investisiyalardan biridir. Bu gün pulu xərcləyirəm, iki ildən sonra həmin pul geri qayıdır. Bir kinonun pul qazanmağa 6 ay ömrü var. Çünki 6 aydan sonra həmin kino maraqlı olmayacaq, təzəsi çıxacaq. Prodüsser investora deyir ki, filan kinonu çəkmək üçün 100 min pul lazımdır. Bunun 40 faizi çəkilişə gedir. Prodüsser də pulu çəkiliş zamanı qazanır. Deyir, bizə bu filmi çəkmək üçün belə məkanlar lazımdır. Həmin məkanlar Azərbaycanda, Qazaxıstan və Gürcüstanda var. Prodüsser deyir, mən Qazaxıstanda film çəkmək istəmirəm, çünki orada geri qaytarılma yoxdur. Harada var? Azərbaycanda. Prodüsser istəyir ki, az xərci çıxsın, çox qazansın. Bu sistemin olması buna görə vacibdir. Biz buna görə sərgilərə gedirik ki, məkanlarımızı tanısınlar.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->