Atom və nüvə silahları müasir tarixdə insanlarda ən çox qorxu yaradan vasitələrdən hesab olunur. Bu iki termin tez-tez sinonim kimi istifadə edilsə də, elmi və tarixi baxımdan aralarında müəyyən fərqlər mövcuddur.
Qaynarinfo xəbər verir ki, atom bombası bütün nüvə silahlarının bir növü olsa da, hər bir nüvə silahı atom bombası deyil. "Wion" resursunun izahına görə, atom bombası tarixdə yaradılan ilk nüvə silahıdır.
Atom bombasının gücü nüvə parçalanması prosesindən - adətən uran-235 və ya plutonium-239 kimi ağır atomların neytronun təsiri ilə bölünüb böyük enerji buraxmasından - qaynaqlanır. Bu bölünmə daha çox neytron yaradır və zəncirvari reaksiya əmələ gətirir. Reaksiya Einstein-in E = mc² düsturuna uyğun olaraq az miqdarda kütləni nəhəng enerji ilə əvəz edir.
Atom bombaları ilk dəfə ABŞ tərəfindən 1945-ci ildə istifadə edilib. Həmin il "Malıy" adlı bomba Xirosimaya, "Tovstun" bombası isə Naqasakiyə atılıb. Nəticədə 200 mindən çox insan həlak olub və nüvə dövrü başlanıb.
Nüvə bombası termini daha geniş anlayışdır. O, həm parçalanmaya əsaslanan atom bombalarını, həm də sintez reaksiyasına əsaslanan hidrogen və ya termonüvə bombalarını əhatə edir.
ABŞ ilk hidrogen bombasını 1952-ci ildə sınaqdan keçirib. "Aivi Mayk" adlanan bu bomba 10 meqatondan çox enerji buraxıb ki, bu da Xirosimaya atılan bombadan yüzlərlə dəfə güclüdür.
Bu güc fərqi atom silahlarından termonüvə silahlarına keçidi müəyyən edən dönüş nöqtəsi olub. Atom bombaları yalnız parçalanmadan istifadə etdiyi halda, hidrogen bombaları həm parçalanma, həm də sintezi birləşdirərək iki mərhələli reaksiya yaradır və demək olar ki, məhdudiyyətsiz dağıdıcı güc əldə edir.
Atom bombasının enerjisi ağır elementlərin atomlarının parçalanmasından yaranır. Hidrogen bombasındaysa daha yüngül elementlər son dərəcə yüksək temperatur və təzyiq altında birləşir və daha böyük enerji buraxır. Bu səbəbdən ölçücə kiçik hidrogen bombası belə atom bombasından qat-qat güclü ola bilər.
Atom bombalarının gücü adətən kilotonlarla, termonüvə bombalarının gücü isə meqatonlarla ölçülür və atom bombasının gücünü minlərlə dəfə üstələyə bilər.
Fərqlər təkcə fizika ilə məhdudlaşmır. Atom bombaları erkən nüvə çəkindiriciliyinin rəmzi idisə, termonüvə silahları soyuq müharibə dövrünün terror balansını müəyyənləşdirib. Hidrogen bombası istehsal edə bilən dövlətlər faktiki olaraq ekzistensial güc sahibi bir klubun üzvünə çevrilmiş sayılır.
1945-ci ildən sonra atom bombası ifadəsi məşhurlaşıb, 1950-ci illərdə hidrogen bombası sınaqları ilə nüvə bombası termini geniş yayılıb. Elmi baxımdan atom parçalanma əsaslı silahlara, nüvə isə həm parçalanma, həm də sintezdən enerji alan bütün qurğulara aid edilir.
Bu gün mövcud döyüş başlıqlarının əksəriyyəti termonüvə tipindədir. Lakin hələ də taktiki məqsədlər üçün daha kiçik, parçalanma əsaslı qurğular mövcuddur.
Müasir nüvə bombaları daha kompakt və dəqiqdir. Silahların azaldılması ilə bağlı müqavilələrə baxmayaraq, nüvə silahına malik ölkələr arsenalını yeniləməkdə davam edir. Hazırda dünyada minlərlə aktiv döyüş başlığı mövcuddur.
Dağıdıcı güc artdığı kimi, onun texnoloji, siyasi və mənəvi idarə edilməsinin çətinliyi də artır. Atom bombası başlanğıc idi, nüvə bombası isə onun təkamülüdür.
Aydın
Şərhlər