Xəbər lenti

G20 maliyyə nazirləri yekun bəyanat qəbul edə bilmədi
Dünya 17:11 01.03.2024

G20 maliyyə nazirləri yekun bəyanat qəbul edə bilmədi

Braziliyanın maliyyə naziri Fernando Haddad bildirib ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri fikir ayrılıqlarına görə San-Paulu görüşündən sonra birgə yekun bəyanatla razılaşa bilməyiblər. 

Qaynarinfo "Bloomberg”"Reuters”ə istinadən xəbər verir ki, mübahisələr Ukrayna və Qəzza zolağındakı münaqişələr səbəbindən yaranıb.

İclasın sonunda jurnalistlərə açıqlama verən Fernando Haddad bildirib ki, G20 nazirləri arasında regional münaqişələrin həlli məsələlərində fikir ayrılıqları blokun maliyyə inkişafı ilə bağlı danışıqları pozub. O, hansı münaqişələrdən danışdığını dəqiqləşdirməyib. Eyni zamanda, Braziliya sədrliyinin bəyanatında deyilir ki, nazirlər Ukrayna və Qəzza zolağına xüsusi diqqət yetirilməklə, mövcud münaqişələr və humanitar böhranlar barədə fikir mübadiləsi aparıblar. Ayrı-ayrılıqda mətndə vurğulanır ki, G20 maliyyə nazirlərinin görüşü geosiyasi məsələlərin həlli üçün uyğun platforma deyil.

"Reuters" yazır ki, Braziliya Ukrayna və İsraillə bağlı mübahisəli məsələləri istisna etmək və diqqətini sırf iqtisadi siyasət məsələləri üzərində cəmləşdirmək istəyib. Lakin Qərb ölkələri, xüsusən də Almaniya buna qarşı çıxıb. Onlar israr ediblər ki, G20-nin birgə bəyanatında "Rusiyanın Ukraynaya hücumu qlobal iqtisadiyyata ağır zərbə vurmaqda davam edir” fikri əks olunmalıdır. 

"Reuters" mənbələrinin məlumatına görə, yekun kommünikenin müzakirələri gecə saatlarına qədər davam edib. Agentliyin həmsöhbətləri həmçinin bildiriblər ki, Rusiya Ukraynadakı müharibənin "Ukrayna daxilindəki münaqişə”, Qərb ölkələri isə "Ukraynadakı müharibə” adlandırılmasında israrlı olublar.  G20 maliyyə liderlərinin Braziliyanın San-Paulu şəhərində keçirilən görüşü fevralın 28-də başa çatıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->