Xəbər lenti

Həm deportasiya, həm soyqırım: Xocalıda gördüyü dəhşətləri danışdı
Ölkə 19:30 01.03.2026

Həm deportasiya, həm soyqırım: Xocalıda gördüyü dəhşətləri danışdı

"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi deportasiya, soyqırımı mənim uşaqlığımı, gəncliyimi əlimdən alıb, ailəmə faciələr yaşadıb. 1988-ci ilin deportasiyasında səkkiznəfərlik ailə üzvümlə ata-baba yurdum Qərbi Azərbaycanı tərk etmək məcburiyyətində qaldım. O zaman 10 yaşım var idi. Azərbaycana pənah gətirdik, Xocalı şəhərində məskunlaşdıq. Cəmi dörd il sonra isə Xocalı soyqırımı ilə üzləşdim. Atam Məmməd, böyük qardaşlarım 16 yaşlı Möhlət və 17 yaşlı Söhbət soyqırımı qurbanı oldular, anam, kiçik qardaşım Əhməd və mən isə yaralandıq. 2020-ci ilə qədər bu hadisələrin travması ilə yaşadıq. Amma Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər yanan ürəyimizin üzərinə nisbətən su səpdi, məlhəm oldu".

Qaynarinfo "Kaspi" qəzetinə istinadən xəbər verir ki, bu fikirlər uşaqlıq və yeniyetməlik illərində deportasiyaya, soyqırımına məruz qalan, qaçqına və məcburi köçkünə çevrilən Mürvət Məmmədova məxsusdur.

O, 1978-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olub, orada məktəbə gedib. 1988-ci ildə Ermənistan dövlətinin etnik təmizləmə siyasətinə məruz qalıb, böyük qardaşı 15 yaşlı Sərvər Məmmədov şəhid olub. Məcburi şəkildə Xocalıya köçən ailə qaçqınlıq həyatı yaşayıb. 1992-ci ildə Mürvətin 14 yaşı olanda isə Xocalı soyqırımı ilə üzləşib, qardaşları və atası ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

"Evdə olarkən atəşə tutulduq"
 


Mürvət Məmmədov o hadisələri belə təsvir edir: "Ermənistan silahlı birləşmələri 366-cı motoatıcı bölüyün dəstəyi ilə Xocalını mühasirədə saxlayır, daim atəşə tuturdu. Belə ağır mühasirə şəraitində Xocalı dörd ay mübarizə apardı. Xocalının milis dəstəsi, könüllülərdən ibarət silahlı sakinlər şəhərin ətrafında səngərlər qazıb, post qurub keşik çəkirdilər. Atam və iki qardaşım da onlarla birlikdə ermənilərə qarşı döyüşürdülər. Fevralın 25-də gecə ermənilərin Xocalıya hücumu daha geniş miqyas aldı. Qardaşlarım və atam səhərə yaxın evə gəldilər ki, artıq hücumun qarşısını almaq olmur və hamı kimi biz də təcili şəhəri tərk etməliyik. Məqsəd bu idi ki, Xocalı sakinləri ilə birlikdə yaxınlıqdakı meşəlik əraziyə üz tutaq. Amma evdə olarkən atəşə tutulduq. Qardaşlarım və atam bütün sursatları tükənənə kimi ermənilərlə döyüşdülər".

"Hamımızı diri-diri yandırmaq istədilər"
 


M.Məmmədov bildirir ki, ermənilər Xocalıda evlərə əl qumbarası atıb mülki şəxsləri öldürüb, bəzi hallarda onları diri-diri yandırıblar: "Biz tərəfdən daha cavab atəşi açılmadığını görən silahlı ermənilər evimizə əl qumbarası atdılar. Mən ayağımdan, anam kürəyindən qəlpə yarası aldıq. Bizim evimizə sığınan qonşumuz Sara xala və onun üç yaşlı körpəsi Natəvan isə daha ağır qəlpə yarası aldıqları üçün dünyalarını dəyişdilər. Onlar da 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan ailənin üzvləri idilər. Bu ailənin başçısı Pənah dayı da atam və qardaşımla bərabər səngərdə vuruşurdu. Ermənilər Azərbaycan və rus dilində bizə səslənirdilər ki, təslim olun, evdən çıxın, sizi öldürməyəcəyik, aparıb Azərbaycan hərbçilərinə təslim edəcəyik və sair. Təbii ki, biz onların vədlərinə inanmırdıq və təslim olmurduq. Onlar evə əl qumbarası atandan sonra qapını sındırıb içəri daxil oldular. Yaralı anamı, məni və digər ailə üzvlərimizi otaqlardan birinə yığıb əvvəlcə evə od vurmaq, hamımızı diri-diri yandırmaq istədilər".

"O zabit rus dilində ermənilərə bildirdi ki..."
 


Şahidin sözlərinə görə, rus hərbçilərindən biri erməni silahlılarının qaniçənliyinə dözə bilməyib, azyaşlı uşaqlara rəhm etmələrini istəyib: "O zabit rus dilində ermənilərə bildirdi ki, hətta faşistlər də uşaqlara qarşı bu dərəcədə qəddar olmayıblar, axı onların nə günahı var, niyə öldürürsünüz? Rus zabitinin bu etirazından sonra bizi evdə yandırmaq fikrindən daşındılar. Qumbara qəlpəsindən həlak olan Sara xalanı və onun yaşlı qızı Natəvanın meyitlərini sürüyüb bayıra çıxaran anda bizim evə doğru gələn Pənah dayı qızının və arvadının meyitini görüb ermənilərə atəş açmağa başladı. O, iki erməni muzdlusundan birini öldürdü, digərini yaraladı. Digər ermənilərin yarısı Pənah dayının arxasınca düşdülər, yarısı da bizi döyə-döyə maşına doldurub Əsgəran rayonuna gətirdilər".

"Bir həftə bizə ən ağır işgəncələr verdilər"

M.Məmmədov qeyd edir ki, ermənilər yolboyu, eləcə də əsir saxlanılan yerlərdə qız-gəlinlərin boyun-boğazından qızıl-zinət əşyalarını dartıb çıxarıb, etiraz edənləri vəhşicəsinə döyüblər: "Qardaşım Möhlət buna dözməyib etiraz etdiyinə, ermənini itələyib vurduğuna görə, həm onu, həm də atam Məmmədi və digər qardaşım Söhbəti bizdən ayırıb başqa yerə apardılar. Bir daha onları görmədik. Günahsız, silahsız insanları döyə-döyə, güllələyərək öldürürdülər. Bir həftə ermənilər bizə ən ağır işgəncələr verdilər. Hərbçi ermənilərlə yanaşı, Əsgəranda yaşayan mülki ermənilər də əsir azərbaycanlıları döyüb, söyüb təhqir etməkdən həzz alırdılar. Tam bir həftə əsl cəhənnəm əzabı yaşadıq. Bir həftə sonra bizi yenə döyə-döyə yük maşınına doldurub Əsgəranla Ağdamın arasındakı bir əraziyə gətirdilər. Elə bilirdik ki, hamımızı güllələyəcəklər. Amma Milli Qəhrəman Allahverdi Bağırovun apardığı danışıqlar sayəsində xilas olunduq. Azərbaycan tərəfi qaradərili bir erməni muzdlusunun meyitini təhvil verdi, ermənilər də əsir götürdükləri 80 azərbaycanlı əsiri bizim hərbçilərə qaytardılar. Amma atam Məmməd, qardaşlarım Möhlət və Söhbətin taleyindən xəbərimiz olmadı. Onlar dəyişdirilən 80 əsirin arasında yox idilər".

"İndiyə kimi onların dəfn edildiyi yer naməlumdur"
 


Hadisə şahidi deyir ki, tam 15 il atasını, qardaşlarını axtarıb, aidiyyəti üzrə dövlət qurumlarına, beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər ediblər: "Xocalıda əsir olmuş şahidlərin sonradan söylədiklərindən belə məlum oldu ki, atamı və iki qardaşımı aparıb erməni məzarı üstündə başlarını kəsiblər. Ardınca da digər əsirlərə bir xəndək qazdırıb onları orada basdırıblar. İndiyə kimi onların dəfn edildiyi yer naməlumdur. 2020-ci ilə kimi bu ağrı-acı ilə yaşamışıq. Amma 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə bizim közərən, göynəyən yaramızın, yanan ürəyimizin üstünə bir az su səpdi. Şəhidlərimizin qisası alındı, narahat ruhlarımızın dolaşdığı Xocalının 2023-cü ildə ordumuzun nəzarətinə keçməyi isə bizi doğma şəhərimizə qovuşdurdu".

M.Məmmədov deyir ki, hazırda Xocalı rayonunun Təzəbinə kəndində anası Narxanım, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Dövlət tərəfindən onlara 2025-ci ildə yeni mənzil verilib, ailə başçısı kimi daimi işlə təmin olunub.
--> -->