XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsan yaşlandıqca xərçəngi məhv edən hüceyrələrin sayı artır (ARAŞDIRMA)
Sağlamlıq21:43 30.08.2026

İnsan yaşlandıqca xərçəngi məhv edən hüceyrələrin sayı artır (ARAŞDIRMA)

100 yaşına qədər yaşayan insanların immun sistemi zəifləyir. Lakin “SciTechDaily” yazır ki, nadir immun hüceyrələri – CD4 sitotoksik T-limfositləri (CD4 CTL) – bu insanlarda geniş yayılır. Bu hüceyrələr bəzi xərçəng növlərində şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.

Qaynarinfo xəbər verir ki, avqustun 19-da “Cell Reports” jurnalında dərc olunan araşdırmaya görə, yaşlılıq dövründə immun sistemi yaşla bağlı dəyişikliklərə uyğunlaşmağa davam edə bilər. CD4 CTL hüceyrələri 110 yaşına çatmış uzunömürlü insanlarda da aşkarlanıb. Alimlər bu hüceyrələrin çoxalmağa davam etdiyini və yaş artdıqca saylarının yüksəldiyini müəyyənləşdiriblər.

Tədqiqatçılar 28 nəfərin qan nümunələrini araşdırıblar. İştirakçılar üç yaş qrupuna bölünüb: 70–99, 100–109 və 110 yaş və yuxarı. CD4 CTL hüceyrələrinin median səviyyəsi qruplar üzrə ardıcıl olaraq 4 faizdən 9,6 faizə, daha sonra isə 17,6 faizə yüksəlib. Nəticələr bu hüceyrələrin çoxalmasının təxminən 100 yaşında başlaya biləcəyini göstərir.

Daha sonra tədqiqatçılar iştirakçıların T-hüceyrə reseptorlarını təhlil ediblər və hüceyrələrin öz klonlarını yaratdığını, bununla da saylarının artmasına səbəb olduğunu müəyyənləşdiriblər. CD4 CTL hüceyrələri immun sistemi hər hansı təhlükə ilə qarşılaşdıqda öz nüsxələrini yarada bilir. Uzunömürlü iştirakçılardan birində bir klon qan nümunəsindəki bütün CD4 CTL hüceyrələrinin 53,8 faizini təşkil edib.

Bu hüceyrələr xərçəngdən qoruya bilərmi?

Bu hüceyrələrin nəyə reaksiya verə biləcəyini müəyyənləşdirmək üçün alimlər hər bir iştirakçının CD4 CTL hüceyrələrində üstünlük təşkil edən klonun reseptor ardıcıllıqlarını açıq məlumat bazasında saxlanılan ardıcıllıqlarla müqayisə ediblər.

Xərçəng xəstələrində, o cümlədən ağciyər, süd vəzi və qaraciyər xərçəngi olan insanlarda təxminən 30 uyğunluq aşkarlanıb.

Araşdırmada iştirak edən 100 yaşına çatmış və daha uzun ömür sürmüş insanların heç birində bu xərçəng növlərinə diaqnoz qoyulmayıb. Bu, tədqiqatçılara həmin hüceyrələrin çoxalmasının orqanizmdə anormal hədəflərə qarşı erkən immun reaksiyası ola biləcəyini ehtimal etməyə əsas verib.

Xərçəngə qarşı peyvənd

Xatırladaq ki, bu il yeni melanoma peyvəndi klinik sınaqlardan uğurla keçib. “Intismeran” preparatı əsasında hazırlanmış fərdiləşdirilmiş mRNT peyvəndi immunoterapiya ilə birlikdə sınaqdan keçirilib.

İlkin nəticələrə görə, xərçəng xəstələrində remissiya müddəti bir neçə il uzanıb.

Aydın