Tarix göstərir ki, dövlətlərin taleyini həmişə yalnız hərbi güc müəyyən etməyib. Bəzən xalqlar döyüş meydanında deyil, texnoloji yarışda məğlub olublar. Sənaye inqilabını qaçıran ölkələr onilliklər boyu inkişaf etmiş dövlətlərdən geri qaldılar. Rəqəmsal transformasiyaya gec qoşulanlar isə qlobal iqtisadiyyatın kənarında qaldılar. XXI əsrin ikinci rübündə isə dünya artıq növbəti tarixi mərhələyə daxil olur – süni intellekt əsrin əsas geosiyasi və iqtisadi resursuna çevrilir.
Bu gün dövlətlər təkcə enerji ehtiyatları, nəqliyyat marşrutları və ya maliyyə bazarları uğrunda rəqabət aparmırlar. Ən sərt mübarizə məlumat bazaları, hesablama infrastrukturu, yüksək məhsuldarlıqlı prosessorlar, süni intellekt modelləri və insan kapitalı uğrundadır. Dünyanın aparıcı iqtisadiyyatları artıq anlayırlar ki, gələcəyin sərvəti yalnız yerin altında deyil, məlumatların emalında, alqoritmlərdə və innovasiyadadır.
Beynəlxalq araşdırmalar da bunu təsdiqləyir. Qlobal konsaltinq şirkəti "PwC" hesablayır ki, 2030-cu ilə qədər süni intellekt dünya iqtisadiyyatına təxminən 15,7 trilyon dollar əlavə dəyər qazandıra bilər. "McKinsey Global Institute" isə generativ süni intellektin hər il 2,6–4,4 trilyon dollar həcmində yeni iqtisadi dəyər yarada biləcəyini proqnozlaşdırır. Bu rəqəmlər artıq göstərir ki, söhbət növbəti texnoloji yenilikdən deyil, dünya iqtisadiyyatının strukturunu dəyişən yeni inkişaf modelindən gedir.
Məhz buna görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi fikirlər adi çıxış kimi deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının konseptual istiqaməti kimi qiymətləndirilməlidir.
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" fikri təsadüfi səslənməyib. Bu yanaşma əslində dünyanın inkişaf etmiş dövlətlərinin son illərdə qəbul etdiyi strateji sənədlərlə üst-üstə düşür. ABŞ, Çin, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Sinqapur və digər ölkələr artıq milli süni intellekt strategiyalarını qəbul edib, milyardlarla dollar investisiya yatırır, dövlət idarəçiliyini və iqtisadiyyatı bu texnologiyalar üzərində yenidən qururlar.
Xüsusilə diqqət çəkən məqam odur ki, bu ölkələr süni intellekti yalnız iqtisadi artım vasitəsi kimi deyil, milli təhlükəsizliyin ayrılmaz elementi kimi qəbul edirlər. ABŞ-da Pentaqon hərbi planlaşdırmadan kibermüdafiəyə qədər süni intellekt imkanlarını genişləndirir. Çin dövlət idarəçiliyində və sənayedə bu texnologiyalara böyük üstünlük verir. Avropa İttifaqı isə bir tərəfdən innovasiyaları təşviq edir, digər tərəfdən süni intellektin etik və təhlükəsizlik çərçivələrini müəyyən edən ilk genişmiqyaslı hüquqi bazanı formalaşdırır.
Bu baxımdan Mehriban Əliyevanın kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi aktuallıq daşıyır. Müasir dövrdə müharibələr yalnız raketlərlə aparılmır. Dövlət informasiya sistemlərinə hücumlar, kritik infrastrukturun sıradan çıxarılması, maliyyə şəbəkələrinin iflic edilməsi, dezinformasiya kampaniyaları və süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar artıq milli təhlükəsizliyin əsas riskləri sırasındadır. Son illərdə müxtəlif ölkələrdə dövlət qurumlarına, xəstəxanalara, hava limanlarına və enerji sistemlərinə qarşı həyata keçirilən kiberhücumlar göstərdi ki, rəqəmsal təhlükəsizlik artıq klassik müdafiə anlayışının ayrılmaz hissəsidir.
Bu reallıq fonunda Azərbaycanın rəqəmsal inkişafı yalnız texnoloji modernləşmə kimi qiymətləndirmək düzgün olmazdı. Bu, həm də dövlətin dayanıqlığının və idarəetmə qabiliyyətinin gücləndirilməsi deməkdir. Lakin rəqəmsal transformasiyanın ən görünən nəticəsi vətəndaşın gündəlik həyatında hiss olunur.
Uzun illər müxtəlif dövlət qurumlarının ayrıca elektron xidmətləri, fərqli mobil tətbiqləri və informasiya sistemləri fəaliyyət göstərirdi. Vətəndaş eyni məlumatı dəfələrlə təqdim edir, müxtəlif platformalar arasında keçid etməyə məcbur qalırdı. Yeni yanaşma bu parçalanmış modeli vahid ekosistemlə əvəz edir.
Artıq dövlət xidmətləri "mygov" və "mygov Biznes" platformalarında cəmləşdirilir. Bu, sadəcə informasiya texnologiyaları layihəsi deyil. Bu, dövlət idarəçiliyinin yeni fəlsəfəsidir.
Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" platformaya tam inteqrasiya olunub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin də mərhələli şəkildə vahid platformaya keçirilməsi davam edir. Bu model dünyanın ən uğurlu rəqəmsal dövlətlərinin təcrübəsinə uyğundur.
Məsələn, Estoniya dövlət xidmətlərinin təxminən 99 faizini elektronlaşdırıb və "bir dəfə məlumat təqdim et" prinsipi ilə işləyir.
Sinqapur "Smart Nation" proqramı çərçivəsində dövlət xidmətlərini vahid rəqəmsal platformalarda birləşdirib. Birləşmiş Ərəb Əmirlikləri isə artıq bir sıra dövlət xidmətlərini süni intellekt əsaslı qərarvermə mexanizmləri ilə idarə etməyə başlayıb.
Azərbaycanın seçdiyi istiqamət də məhz bu qlobal tendensiyalara uyğun gəlir. Ən mühüm yeniliklərdən biri proaktiv dövlət xidmətlərinin tətbiqidir. Bu modelin fəlsəfəsi sadədir-vətəndaş dövlət idarələrinin qapısını döymür, dövlət vətəndaşın ehtiyacını əvvəlcədən müəyyən edir və xidməti özü təqdim edir.
Qeyd edək ki, sosial sahədə mühüm rəqəmsal nailiyyətlər olaraq, hələ 2019-cu ildən pensiya və müavinətlərin, təqaüdlərin müraciət olmadan, sənəd təqdim edilmədən elektron qaydada, proaktiv təyinatı prosesinə başlanıb. Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da valideyn müraciət etmədən elektron qaydada həyata keçirilir. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin müddəti başa çatmazdan əvvəl vətəndaş avtomatik məlumatlandırılacaq. Səfərbərlik üzrə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək.
İlk baxışdan texniki görünən bu dəyişikliklər əslində dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçididir. Bürokratiya azalır, insan amili minimuma enir, şəffaflıq artır, dövlət xidmətlərinin göstərilməsi sürətlənir.
Azərbaycan qarşısına iddialı məqsəd qoyub - regionun rəqəmsal inkişaf və süni intellekt mərkəzlərindən birinə çevrilmək. Bu məqsəd yalnız texnologiyaya investisiya ilə reallaşmır. Bunun üçün güclü təhsil sistemi, yüksək ixtisaslı kadrlar, milli proqram təminatı, kibertəhlükəsizlik məktəbi, innovativ biznes mühiti və ən başlıcası, siyasi iradə lazımdır.
Mehriban Əliyevanın çıxışında xüsusi vurğulanan başqa bir prinsip də strateji əhəmiyyət daşıyır-beynəlxalq təcrübə öyrənilməli, lakin bütün qərarlar Azərbaycanın milli maraqları və ehtiyacları əsasında qəbul edilməlidir. Bu, uğurlu rəqəmsal transformasiyanın əsas şərtidir. Çünki texnologiya qlobal ola bilər, amma dövlət siyasəti milli maraqlara söykənməlidir.
Bu gün süni intellekt artıq gələcəyin mövzusu deyil. O, dövlətlərin iqtisadi gücünü, təhlükəsizlik imkanlarını və idarəetmə keyfiyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu reallığı vaxtında dəyərləndirən ölkələr sabahın qalibləri olacaq.
Azərbaycanın seçdiyi strateji kurs da məhz bu gələcəyə hesablanıb və Rəqəmsal İnkişaf Şurasında səsləndirilən yanaşma həmin kursun ideoloji və praktiki əsaslarını formalaşdırır.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib ki süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.
"Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur”, o deyib və əlavə edib ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, həm də yeni təhlükələr yaradır.
Birinci vitse-prezidentin sözlərinə görə, Azərbaycan yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıdır:
"Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”.
Siyasət şöbəsi
Şərhlər