Xəbər lenti

Apple Mac və iPad modellərinin qiymətlərini artırdı
Texnologiya 20:12 25.06.2026

Apple Mac və iPad modellərinin qiymətlərini artırdı

Süni intellekt infrastrukturunun inkişafı fonunda yaranan yaddaş qıtlığı səbəbindən "Apple” Mac və iPad modellərinin qiymətlərini artırıb. 

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, aiPhone modellərinin qiymətlərində hələlik dəyişiklik yoxdur, lakin ilin sonunadək artım ehtimalı qalır.

Artıq yeni MacBook Neo modelinin qiyməti 599 dollardan 699 dollara yüksəlib. MacBook Air-in baza qiyməti 1 099 dollardan 1 299 dollara, MacBook Pro-nun qiyməti isə 1 699 dollardan 1 999 dollara qaldırılıb. Masaüstü kompüterlər üçün nəzərdə tutulan Mac Studio modelinin qiyməti də 1 999 dollardan 2 499 dollara yüksəlib.

iPad modellərində də qiymət artımı qeydə alınıb. iPad Air 599 dollardan 749 dollara, iPad Pro isə 999 dollardan 1 199 dollara bahalaşıb. A16 prosessorlu baza iPad modelinin qiyməti 349 dollardan 449 dollara, A17 prosessorlu iPad mini modelinin qiyməti isə 499 dollardan 599 dollara yüksəlib.

"Apple”ın ağıllı ev cihazlarının qiymətləri də artırılıb. Standart HomePod-un qiyməti 299 dollardan 349 dollara, HomePod mini-nin qiyməti 99 dollardan 129 dollara, Apple TV-nin qiyməti isə 99 dollardan 129 dollara qaldırılıb.

Vision Pro başlığının qiyməti də 3 499 dollardan 3 699 dollara yüksəlib.

Şirkət CNBC-yə açıqlamasında bildirib:

"İstehlak elektronikası sahəsi misli görünməmiş çətinliklərlə üzləşib. Süni intellekt məlumat mərkəzlərinin sürətlə genişlənməsi yaddaş və saxlama komponentlərinə tələbatı kəskin artırıb. Biz komponent qiymətlərində bu qədər sürətli və böyük artımı əvvəllər görməmişik.”

Şirkət əlavə edib:

"Bilirik ki, bu xəbər istehlakçılar tərəfindən xoş qarşılanmayacaq, lakin biz həll yolları tapmaq üçün fasiləsiz çalışırıq.”

Ötən həftə Tim Kuk (Tim Cook) "Wall Street Journal”a bildirib ki, yaddaş və saxlama komponentlərinin qiymətləri süni intellektin inkişafı səbəbindən artdıqca, "Apple” məhsullarının da bahalaşması qaçılmaz olacaq. O qeyd edib ki, aprel ayında keçirilən maliyyə hesabatı konfransında şirkətin əsas çətinliyinin yaddaş komponentləri deyil, iPhone modellərində istifadə olunan əsas prosessor çiplərinin tədarükü ilə bağlı olduğu vurğulanmışdı.

Mart ayında Counterpoint Research analitik şirkəti açıqlayıb ki, smartfonlar üçün DRAM yaddaş çiplərinin qiyməti ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50 faiz, NAND Flash yaddaş çiplərinin qiyməti isə 90 faizdən çox artıb.

Counterpoint Research-in tədqiqat direktoru Tarun Patak (Tarun Pathak) "TechCrunch”a deyib:

"Yaddaş qiymətlərinin artımı artıq istehsalçıların bunu zərər hesabına kompensasiya edə bilməyəcəyi həddə çatıb. 2025-ci ilin dördüncü rübündən bəri (düzəliş edildi) yaddaş qiymətləri dörd dəfə artıb və bu, istehlak elektronikası istehsalçılarının mənfəət marjalarına ciddi təsir göstərib. Apple isə indiyədək qiymətləri sabit saxlayırdı, lakin ötən həftə qiymət artımına işarə etmişdi.”

O əlavə edib:

"Süni intellekt infrastrukturu üçün artan tələbat yaddaş təchizatı zəncirini əsaslı şəkildə dəyişdirib və bu, məhsulların material dəyərinin (BOM) davamlı artmasına səbəb olub. Hesab edirik ki, digər kompüter və planşet istehsalçıları da Apple-ın yolunu izləyərək bəzi məhsulların qiymətlərini artıracaq, endirimləri azaldacaq və ya məhsul portfelini daha çox premium cihazlara yönəldəcəklər.”

Süni intellekt çiplərinə yüksək tələbat istehlak elektronikası istehsalçıları üçün çətinliklər yaratsa da, yaddaş istehsalçıları, o cümlədən Micron, bu vəziyyətdən faydalanır. Şirkətin son maliyyə hesabatına əsasən, illik gəliri dörd dəfə artıb.

Aydın
--> -->