
Azərbaycanda qeydiyyata alınmış işsizlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə ölkədə qeydiyyata alınmış işsizlərin sayı 251,2 min nəfər olub. Onların 53,5 faizini qadınlar təşkil edib.
Bəs qadınların işsizlər arasında payının yüksək olmasının səbəbləri nədir? Bu vəziyyət əmək bazarındakı problemlərlə, sosial stereotiplərlə, yoxsa qadınların məşğulluq imkanlarını məhdudlaşdıran digər amillərlə bağlıdır?
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında qadınların məşğulluğuna təsir edən amillərdən danışıb.

Onun sözlərinə görə, əsas səbəblərdən biri cəmiyyətdə formalaşmış ənənəvi ailə münasibətləri və sosial yanaşmalardır:
“Birinci səbəb mentalitetlə bağlıdır. Müsəlman Şərqi ailələrində qadınların əmək fəaliyyətinə qoşulmasına hər zaman eyni münasibət göstərilmir. Bu, əsas səbəblərdən biridir. Məsələn, rayon və kənd yerlərində əmək bazarında fəal iştirak edən qadınlara az rast gəlinir. Onların bir hissəsi evdar qadınlardır. Bəzi ölkələrdə ev təsərrüfatının idarə olunması da ayrıca əmək fəaliyyəti kimi qiymətləndirilir. Bu, müsbət yanaşmadır. Çünki ev işləri də çətin və böyük zəhmət tələb edən fəaliyyətdir”.
Mail Yaqub qadınların məşğulluq imkanlarına təsir edən digər mühüm amilin ölkədəki işsizlik və iqtisadi imkanlarla bağlı olduğunu bildirib.
“Qadınların hamısı fiziki cəhətdən ağır işlərdə çalışa bilməz. Buna görə də onlar üçün uyğun iş yerlərinin yaradılması vacibdir. İş yerlərinin sayını artırmalı, iqtisadi inkişafı təmin etməliyik. Kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərait yaratmalı, münasib şərtlərlə kreditlər ayırmalıyıq. Əsas məsələlər bunlardır. Bu addımlar atılarsa, qadınların işləmək imkanları da genişlənər”, – deyə sosioloq qeyd edib.
Sosioloq Sadiq Rüstəmli isə qadınların qeydiyyata alınmış işsizlər arasında payının yüksək olmasını fərdi seçimdən daha çox sosial və struktur problemləri ilə əlaqələndirib.

Onun fikrincə, bu göstəricinin arxasında əmək bazarındakı gender fərqləri dayanır.
Sosioloq qadınların məşğulluğuna təsir edən beş əsas amili qeyd edib:
”Birinci amil qeyri-formal məşğulluqdur. Kişilərin bir hissəsi işsiz qaldıqda rəsmi qeydiyyata düşmək əvəzinə taksi fəaliyyəti, fəhləlik və ustalıq kimi qeyri-formal işlərə yönəlir. Qadınların bu sahələrə çıxış imkanları isə daha məhdud ola bilər. Nəticədə rəsmi statistikada qadınların payı daha yüksək görünə bilər. İkinci amil ənənəvi gender rollarıdır. Cəmiyyətdə kişinin ailənin əsas qazanc gətirəni, qadının isə ev təsərrüfatına və ailə üzvlərinə qayğı göstərən şəxs olması barədə təsəvvürlər hələ də mövcuddur. Uşaqlara, yaşlılara və xəstələrə qulluq məsuliyyətinin əsasən qadınların üzərinə düşməsi onların əmək bazarına çıxışını çətinləşdirə bilər. Xüsusilə uşaq bağçalarının və digər qayğı xidmətlərinin əlçatan olmadığı ərazilərdə bu problem daha qabarıq görünür. Üçüncü amil əmək bazarında gender bölgüsüdür”.
Sosioloqun fikrincə, qadınların daha çox çalışdığı təhsil, səhiyyə və xidmət sahələrində iş imkanlarının məhdudluğu, digər sahələrdə isə tələb olunan peşə bacarıqlarına çıxış problemləri məşğulluğa təsir göstərə bilər:
”Peşə hazırlığı ilə işəgötürənlərin tələbləri arasındakı uyğunsuzluq da qadınların iş tapmasını çətinləşdirən amillərdəndir. Dördüncü amil əmək mobilliyinin məhdudluğudur. İş tapmaq üçün başqa şəhərə və ya regiona köçmək qadınlar üçün ailə öhdəlikləri, yaşayış xərcləri, nəqliyyat və sosial nəzarət kimi səbəblərdən daha çətin ola bilər. Bu da onların mövcud iş imkanlarından yararlanmasını məhdudlaşdıra bilər. Beşinci amil işə qəbul zamanı ayrı-seçkilik ehtimalıdır”.
Sadiq Rüstəmli hesab edir ki, bəzi işəgötürənlər qadınların ailə və analıq öhdəliklərini nəzərə alaraq işə qəbul qərarlarında onlara qarşı qərəzli yanaşa bilərlər:
”Bu cür yanaşma açıq şəkildə ifadə olunmasa da, qadınların əmək bazarında imkanlarını məhdudlaşdıra bilər”.
Sosioloq qeyd edib ki, qeydiyyata alınmış işsizlər arasında qadınların payının yüksək olması onların əmək bazarına və ictimai həyata inteqrasiyası ilə bağlı problemləri də gündəmə gətirir:
“Qadınlar üçün iş yerləri yaratmaq kifayət deyil. Onların uşaqlarını etibar edə biləcəkləri müəssisələrə, məsafədən işləmək imkanlarına və texniki peşələrə yiyələnmək üçün şəraitə çıxışı olmalıdır. Əks halda, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər gözlənilən nəticəni verməyə bilər”.
Bahar Rüstəmli

