Xəbər lenti

Bakıdakı dünya kubokunda daha bir növ üzrə qaliblər müəyyənləşdi
İdman14:40 14.05.2023

Bakıdakı dünya kubokunda daha bir növ üzrə qaliblər müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023” sona yaxınlaşır.
Qaynarinfo-nun məlumatına görə, bu gün daha bir növdə mükafatçılar bəlli olub. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib. 6 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub.
Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb. Çinli atıcı qələbə təəssüratlarını da bölüşüb:
"Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşı mərkəzlərdən biridir. Burada sonuncu dəfə 7 il əvvəl olmuşdum. Bakı yadımda gözəl şəhər kimi qalıb. İnsanlarınız da qonaqpərvərdir. Səmimi sözümdür, yenidən Azərbaycanda olduğuma və qızıl medal qazandığıma görə şadam. Final görüşü gərgin keçdi. Hər nə qədər təcrübəli olsam da, arxayınlaşmıram. Əksinə, məsuliyyətim bir az da artır. Ən yaxşısını etmək üçün əlimdən gələni etməyə çalışıram. Gərgin məşqlərin nəticəsi "qızıl” oldu. Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm”.
Bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş yarışları ilə "Dünya Kuboku 2023”ə yekun vurulacaq.
Səbuhi Həsənov