Müasir dövrdə ənənəvi rolların sarsıldığı bir zamanda qadınlara qarşı zorakılığın və ayrı-seçkilik xarakterli fikirlərin arxasında duran gizli dinamiklər ilk dəfə bu qədər aydın şəkildə müəyyən edilib. Alimlər qadınlara qarşı zorakılığa meyilli, gender bərabərliyinə qarşı çıxan və radikal, qadın düşmənçiliyi ehtiva edən fikirləri dəstəkləyən şəxslərin ortaq psixoloji zəminə sahib olduğunu aşkarlayıblar.
Qaynarinfo xəbər verir ki, Sürix Universitetinin rəhbərliyi ilə aparılan yeni tədqiqat bu davranışların arxasındakı əsas faktoru "M Faktoru” kimi adlandırır. Layihəyə rəhbərlik edən Dr. Denis Ribeaud bildirir ki, bu vəziyyətin kökündə ənənəvi kişi rolunun qlobal miqyasda təhlükə altında olduğuna dair güclü inanc dayanır. Dərin təhlillər göstərir ki, cinsi azlıqlara qarşı nifrət və gender bərabərliyinə yönəlmiş qəzəb bir-birindən ayrı deyil, eyni ideoloji düşüncə xəttindən qidalanır.
Bu vəziyyət marjinal bir qrupun problemi kimi görünsə də, məlumatlar təhlükənin cəmiyyətin mərkəzinə qədər yayıldığını göstərir. İsveçrədə 18–64 yaş aralığında 6 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Nəticələrə əsasən, kişilərin 20 faizi, qadınların isə 7 faizi yüksək M Faktoru səviyyəsinə malikdir. Ən narahatedici göstərici isə gənclər arasındadır; 18–24 yaş qrupunda hər üç kişidən biri bu təsirin altında olduğunu göstərir. İştirakçıların ailə münasibətləri, sosial həyatı və keçmiş təcrübələri analiz edildikdə, bu düşüncə tərzinin təkcə cinsiyyətlə deyil, iqtisadi və sosial şərtlərlə də sıx bağlı olduğu müəyyən edilib.
Sosial status və zorakılıq dövrü arasında təhlükəli bağ
Təhsil səviyyəsi aşağı olduqca, peşəkar qeyri-sabitlik artdıqca və gəlir azaldıqca kişilərdə bu sindroma meyillilik də yüksəlir. Əksinə, rifah səviyyəsi yüksək və gələcəyə ümidlə baxan insanlarda risk minimuma enir. Kişinin əsas qazanc gətirən, qadının isə yalnız ev işlərinə cavabdeh olduğu ənənəvi ailə modelləri bu düşüncə sistemini gücləndirən mühit yaradır.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri də ailədaxili zorakılıq göstəriciləridir. Yüksək M Faktoru skoruna sahib şəxslər həm partnyorlarına zorakılıq etməyə meyilli olur, həm də özləri həyatlarının müəyyən dövrlərində zorakılığa məruz qalırlar. Dr. Ribeaud partnyorunu nəzarətdə saxlamağı haqq hesab edən şəxslərin bu qaranlıq dövrənin hər iki tərəfində yer almasını təəccüblü saymır. Bundan əlavə, bu şəxslərin internetdə özlərini "incel” kimi tanıtması, ağır pornografik məzmun istehlakı və cinsi xidmət axtarışları ümumi əhali ilə müqayisədə daha yüksəkdir.
Rəqəmsal dünyanın qaranlıq üzü və çıxış yolu
Mütəxəssislər bu tendensiyanın qarşısını almaq üçün təhsil sistemində köklü islahatların vacibliyini vurğulayırlar. Tədqiqatçılardan Markus Theunert bildirir ki, uşaqlara tək bir "doğru kişi modeli” olmadığını, kişiliyin müxtəlif formalarda yaşana biləcəyini və fərqli sosial rolların mümkün olduğunu izah etmək mühüm əhəmiyyət daşıyır.
Təhlükənin nə qədər erkən başladığını göstərən başqa bir araşdırma isə İngiltərədən gəlib. 11–14 yaş arası 500 oğlan uşağının internet davranışları analiz edildikdə, onların sosial şəbəkələrə daxil olduqdan orta hesabla 18 dəqiqə sonra qadın düşmənçiliyi ehtiva edən məzmunlarla qarşılaşdığı müəyyən edilib. Sosial media alqoritmləri nəticəsində gənc istifadəçilər platformaya daxil olan kimi zərərli fikirlərlə üz-üzə qalır və bu da bu təhlükəli düşüncə modelinin erkən yaşlarda formalaşmasına şərait yaradır.
Aydın
Şərhlər