Azərbaycan Atıcılıq Federasiyası yığma komandanın qarşıdakı beynəlxalq oyunlara hazırlığını təmin etmək və eləcə də yüksək səviyyəli atıcılar hazırlamaq məqsədilə federasiyaya beynəlxalq dərəcəli baş məşqçilər və məşqçilər dəvət edib.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə güllə atıcılığının tüfəng növü üzrə baş məşqçi 53 yaşlı serbiyalı Nemanya Mirosavlyev olacaq. O, karyerası boyu 5 Yay Olimpiya oyununda, Dünya və Avropa Çempionatlarında iştirak edib, 50 metr və 10 metr məsafəyə güllə atıcılığından yüksək nəticələr göstərib.
Stend atıcılığının səngər növü üzrə baş məşqçi Güray Ali Emre təyin edilib. Türkiyəli mütəxəssis atıcılıq üzrə yüksək nəticələr nümayiş etdirən millinin məşqçisi kimi fəaliyyət göstərib.
Yığma komandadan əlavə, atıcı yetişdirmək üçün Federasiya 4 beynəlxalq məşqçi ilə də müqavilə imzalayıb. Mosin Vasiliy, Nalband Mert, İlnam Yavuz, Edin Faziliya Azərbaycanda məşqçi kimi fəaliyyətə başlayıb. Onlar müxtəlif növlər üzrə atıcıların hazırlığı ilə məşğul olacaqlar.
Səbuhi Həsənov