Xəbər lenti

Dünya 16:50 10.06.2026

"Netflix" üçün pis xəbər: Yeni nəsilin kino seçimi təəccübləndirir

ABŞ-da aparılan güncel bir araşdırma, kinoteatrların ən sadiq auditoriyasının Z nəsli olduğunu ortaya qoyub. Süni intellektdən məzmun tövsiyələri alsalar da, ev rahatlığı əvəzinə dostları ilə birlikdə "IMAX" ekranlarda film izləməyi və kinoteatrı bir gecəlik sosial tədbirə çevirməyi seçirlər.

Qaynarinfo xəbər verir ki, internet dünyasında və mətbuatda tez-tez rast gəlinən "millennial nəsil bu sektoru bitirdi, bu sənayeni zəiflətdi” tipli müzakirələr hələ də yaddaşlardakı yerini qoruyur. O dövrdə gənclik fiziki ticarət mağazalarından kabel televiziyasına, hətta qiymətli daş bazarına qədər bir çox sahənin sonu kimi göstərilirdi.

Rəqəmsal texnologiyaların içində doğulan Z nəsli səhnəyə çıxdıqda oxşar bir ssenarinin bu dəfə də təkrarlanacağı gözlənilirdi. Lakin proses tam əksinə inkişaf edib və bu gün yeni bir dövr formalaşır. Gənclər artıq müəyyən sahələrin çöküşünün səbəbkarı kimi deyil, ənənəvi sahələri dirçəldən qüvvə kimi qiymətləndirilir.

Val və kaset kimi fiziki media vasitələrindən kitabxana və antik kitab mədəniyyətinə, çap kitablarından kinoteatrlara qədər bir çox ənənəvi sahə bu nəsilin gözlənilməz marağından güc alır. Bu tendensiyanın ən böyük qazananlarından biri isə kino sənayesidir. Rəqəmsal platforma abunəliklərini rahatlıqla ləğv edib dostları ilə kinoteatra getməyi seçən bu nəsil, salonlara yeni həyat verir. Gənclərin fiziki mediaya və real dünya təcrübələrinə yönəlməsi, qlobal pandemiyadan sonra üstünlük qazanmış rəqəmsal yayım platformaları üçün riskli bir prosesin başlanğıcı kimi qiymətləndirilir.

Media istehlakı vərdişlərini araşdıran son hesabat göstərir ki, əyləncə seçimləri yaşdan daha çox nəsil kimliyi ilə formalaşır. Sənaye analizlərində "alqoritm nəsli” kimi adlandırılan bu qrup, limitsiz məzmunun olmadığı dövrü heç yaşamayıb. Buna görə də yeni məzmunları kəşf etmə prosesi daha çox passiv şəkildə, sosial media axınları və platformaların tövsiyələri ilə baş verir. Təəccüblü şəkildə, süni intellektdən məzmun tapmaq üçün istifadə edənlərin nisbəti digər nəsillərə görə 13 faiz daha yüksəkdir. Bir çox sahədə süni intellektə ehtiyatla yanaşsalar da, gənclərin yarıdan çoxu bu texnologiyanın hazırladığı məzmun xülasələrinin insan tərəfindən yazılanlar qədər uğurlu olduğunu düşünür.

Bununla belə, bu rəqəmsal asılılıq onların kinoteatrlara axın etməsinə mane olmur. Z nəsli hazırda ABŞ-da ən aktiv kino izləyici qrupu hesab olunur və kinoteatrlara getmə tezliyi ölkə ortalamasından 25 faiz yüksəkdir. Rəqəmsal platformalarda isə vəziyyət əksinədir: gənclər yalnız bir seriala görə abunə olur, həmin məzmunu qısa müddətdə bitirib eyni ay ərzində abunəliyi ləğv edirlər. Bu göstəricilər "pandemiyadan sonra gənclər rəqəmsal platformaları seçdi, kinoteatrlar artıq bitir” fikrini ciddi şəkildə zəiflədir.

Gənclər üçün kinoteatra getmək sadəcə film izləmək deyil, daha geniş sosial və kollektiv bir təcrübədir. Onlar üçün bu, bütün axşamı əhatə edən və sosial bağları gücləndirən bir fəaliyyət kimi qəbul olunur. Kinoteatr seçimlərində də qənaət etmirlər; böyük "IMAX” ekranları, rahat VIP oturacaqlar və keyfiyyətli qəlyanaltılar üçün büdcələrini artırmaqdan çəkinmirlər. Kinoteatrı evdə təkrarlana bilməyən bir təcrübə kimi dəyərləndirirlər.

Bu vəziyyət ilk baxışda Z nəslinin qənaətcil və maliyyə baxımından ehtiyatlı imici ilə ziddiyyətli görünə bilər. Lakin reallıqda gənclər kinoteatr gecəsini hələ də münasib qiymətli əyləncə alternativi kimi qiymətləndirirlər. Endirim proqramları, kuponlar və kinoteatr kartlarından maksimum istifadə edərək bu təcrübəni büdcələrinə uyğunlaşdırmağı bacarırlar.

Qlobal pandemiya dövrünün yaratdığı iqtisadi qeyri-müəyyənliklə böyüyən bu nəsil maddi məsələlərdə ehtiyatlı olsa da, real və yadda qalan təcrübələr üçün xərcləməkdən çəkinmir. Prodüser şirkətlər də bu marağı qarşılıqsız qoymur; kinoteatrlar artıq videooyun adaptasiyaları, qorxu filmləri, anime nümayişləri və gənc auditoriyaya yönəlmiş layihələrlə dolub-daşır. Z nəsli kinoteatrlara axın etdikcə, Hollivud da onları orada saxlamaq üçün istehsalı davam etdirir.

Aydın
--> -->