Xəbər lenti

Niyə arıqlamaq üçün yoqurt tövsiyə olunur?
Sağlamlıq 08:45 27.06.2026

Niyə arıqlamaq üçün yoqurt tövsiyə olunur?

Təbii yoqurt uzun illərdir səhər yeməyi və qəlyanaltı üçün faydalı qidalardan biri hesab olunur. Lakin alıcıların qarşısında tez-tez belə bir sual yaranır: adi yoqurt daha faydalıdır, yoxsa yunan yoqurtu? Adları və hazırlanma üsulları oxşar olsa da, bu iki məhsul qida dəyəri və tərkibi baxımından əhəmiyyətli dərəcədə fərqlənir.

Qaynarinfo xəbər verir ki, "Prevention" portalının mütəxəssisləri bu fərqlərin əsas səbəblərini izah ediblər.

Hansı yoqurt daha faydalıdır?

Diyetoloqlar bildirirlər ki, hər iki məhsul sağlam qidalanma üçün yaxşı seçimdir. Lakin onların qida dəyəri, xüsusilə zülal və kalsium miqdarı baxımından fərqlənir.

Yunan yoqurtu hazırlanarkən əlavə süzmə mərhələsindən keçirilir və bu zaman zərdabın bir hissəsi ayrılır. Nəticədə məhsul daha qatı, kremvari konsistensiya alır və qida maddələrinin konsentrasiyası artır.

"Dairy Science" tədqiqat qrupunun məlumatına görə, bir porsiya yunan yoqurtunda adi yoqurtla müqayisədə orta hesabla iki-üç dəfə çox zülal olur. Bununla yanaşı, onun tərkibində kalsium bir qədər azdır.

Mütəxəssislərin fikrincə, yunan yoqurtunun əsas üstünlüyü yüksək zülal tərkibidir. Bu xüsusiyyət daha uzun müddət toxluq hissinin qorunmasına kömək edir, əzələ kütləsinin saxlanmasını dəstəkləyir və idmanla məşğul olan insanlar üçün faydalı hesab olunur.

"Frontiers" elmi platformasında dərc olunmuş araşdırmalardan biri göstərir ki, yunan yoqurtunun müntəzəm qəbulu fiziki məşqlərlə birlikdə əzələ kütləsinin və əzələ gücünün artmasına daha çox töhfə verə bilər. Bundan əlavə, bu məhsul məşqlərin iltihabəleyhinə təsirini gücləndirə bilər.

Adi və yunan yoqurtunun üstünlükləri

Adi yoqurtun da mühüm üstünlükləri var. Onun tərkibində kalsiumun daha çox olması sümüklərin və dişlərin sağlamlığının qorunmasına töhfə verir.

Bundan əlavə, adi yoqurt adətən daha az kalorili olur və qiyməti də daha münasibdir. Yumşaq dadı və duru konsistensiyası sayəsində onu smuzilərə, meyvələrə və müxtəlif desertlərə əlavə etmək rahatdır.

Hər iki növ yoqurt bağırsaq sağlamlığını dəstəkləyən faydalı bakteriyalar ehtiva edir. "Frontiers" jurnalında dərc olunmuş bəzi tədqiqatlarda isə yoqurtun müntəzəm istehlakı ilə kolorektal xərçəng riskinin və ümumi ölüm göstəricisinin daha aşağı olması arasında əlaqə müəyyən edilib. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün yoqurtlar eyni tərkibə malik deyil. Xüsusilə müxtəlif dadlandırıcılarla satılan məhsullarda çox vaxt yüksək miqdarda əlavə şəkər olur. Buna görə də təbii və şəkərsiz yoqurtlara üstünlük verilməsi tövsiyə edilir.

İnək südünün zülalına allergiyası olan şəxslərə bütün növ yoqurtlardan uzaq durmaq məsləhət görülür. Laktoza dözümsüzlüyü olan insanlar isə laktozasız məhsulları seçməlidirlər.

Nəticə etibarilə, yüksək zülal tərkibinə görə yunan yoqurtu uzun müddət toxluq hissinin qorunmasına və idmanla məşğul olan insanların qidalanmasına daha uyğun seçim hesab olunur. Daha yüksək kalsium tərkibi, aşağı kaloriliyi və münasib qiyməti isə adi yoqurtun əsas üstünlükləri kimi qiymətləndirilir.

Aydın
--> -->