2021-ci ildə “Azər-Türk Med” klinikasında Sevinc Öndər üzərində aparılan abdominoplastika və liposaksiya əməliyyatı ilə bağlı cinayət işi başlanacaq.
Qaynarinfo-nun məlumatına görə, Sevinc Öndər 2021-ci ildə “Azər-Türk Med” klinikasında çalışan rusiyalı cərrah-fleboloq İvan Stepnov və cərrah Şövkət Əliyeva barəsində cinayət işinin başlanması üçün məhkəməyə müraciət edib.
O, məhkəmədən 2025-ci ildə onlar barəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunmasını, şikayəti üzrə cinayət işinin başlanaraq istintaq aparılmasını, “Azər-Türk Med” klinikasının həkimi Şövkət Əliyevanın və qanuni əsasları olmadan cərrah fəaliyyəti həyata keçirdiyi iddia olunan Rusiya Federasiyası vətəndaşı İvan Stepnovun dindirilməsini, ifadələr arasında ziddiyyət yaranacağı təqdirdə üzləşdirmələrin keçirilməsini, sonuncu həkim müayinəsi ilə bağlı izahatının alınmasını, müvafiq tibbi müayinə aktının əldə edilməsi üçün zəruri prosessual tədbirlərin görülməsini və hüquqi qiymət verilməsini xahiş edib.
Məlum olub ki, 2021-ci ildə keçirilmiş əməliyyat uğursuz olub. Sevinc Öndər bu əməliyyatdan sonra ciddi əziyyət çəkdiyini, ona maddi və mənəvi zərər dəydiyini, fiziki görkəmində qüsurlar yarandığını bildirib.
Pasiyent iddia edib ki, Şövkət Əliyeva onu “narahat olunası bir şey yoxdur” deyərək yola verib və nəticədə onun üzərində aparılan yanlış əməliyyat səbəbindən bədənində qalıcı əyrilik yaranıb.
Səhiyyə Nazirliyində Sevinc Öndər üzərində plastik cərrahiyyə əməliyyatı aparan şəxslərin tibbi statusları ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Şövkət Tofiq qızı Əliyeva 2021-ci ildə əməliyyatı həyata keçirdiyi zaman Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyasından keçməyib. Həkim yalnız 2022-ci ildə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçib. Rusiya Federasiyası vətəndaşı İvan Stepnov isə “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində” müəyyən edilməyib.
Məhkəmə şikayət verən şəxsin məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti qismən təmin edib. Hadisə ilə bağlı 2025-ci ildə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz və əsassız hesab edilərək ləğv olunub.
Hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması barədə qərar verilib.
Aydın
Şərhlər