XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərvətləri göz qamaşdırır - Dünyanın ən varlı 10 adamı
Dünya17:59 02.09.2026

Sərvətləri göz qamaşdırır - Dünyanın ən varlı 10 adamı

“Forbes”in 1 sentyabr 2026-cı il saat 00:00-a olan məlumatlarına görə, dünyanın ən zəngin şəxsləri siyahısında İlon Mask ilk sırada yer alıb. Onun sərvəti 892 milyard dollar qiymətləndirilir. Siyahının ikinci pilləsində 277 milyard dollarlıq sərvətlə Larri Peyc qərarlaşıb.

Qaynarinfo xəbər verir ki, dünyanın ən zəngin 10 şəxsi arasında texnologiya, avtomobil, proqram təminatı, sosial media, süni intellekt, pərakəndə satış və investisiya sahələrində fəaliyyət göstərən şirkətlərin təsisçiləri və rəhbərləri yer alıb.

İlon Mask 892 milyard dollarla zirvədədir

Siyahının ilk sırasında 892 milyard dollarlıq sərvətlə İlon Mask qərarlaşıb.

Maskı 277 milyard dollarlıq sərvətlə Larri Peyc izləyir. Ceff Bezos 268 milyard dollarla üçüncü, Sergey Brin isə 256 milyard dollarla dördüncü sırada yer alıb.

Maykl Dell 241 milyard dollarlıq sərvətə sahibdir

“Dell Technologies” şirkətinin təsisçisi və baş icraçı direktoru Maykl Dell 241 milyard dollarlıq sərvətlə siyahının beşinci pilləsindədir.

19 yaşında yataqxana otağından kompüter sataraq biznesə başlayan Dell 1988-ci ildə şirkətini birjaya çıxarıb. Sonrakı dövrdə “EMC” ilə birləşmə kimi iri miqyaslı korporativ addımlar atıb.

Dell son olaraq həyat yoldaşı ilə birlikdə ABŞ-da 25 milyon uşaq üçün 6,25 milyard dollarlıq investisiya fondunun yaradılmasına vəsait ayırmağı vəd edib.

Mark Zukerberqin sərvəti 197 milyard dollardır

“Meta” şirkətinin təsisçisi və baş icraçı direktoru Mark Zukerberq 197 milyard dollarlıq sərvətlə dünyanın altıncı ən zəngin şəxsi olub.

Zukerberq 2004-cü ildə Harvard Universitetində tələbə olarkən yaratdığı şirkəti “Instagram” və “WhatsApp”ı satın almaqla böyüdüb. “Meta” 2012-ci ildə birjaya çıxıb.

Şirkət son dövrdə “Prada” ilə ağıllı eynəklər sahəsində əməkdaşlıq edib. Bundan başqa, uşaqlarda sosial media asılılığı ilə bağlı iddialarla əlaqədar məhkəmə işində 18 milyard dollarlıq razılaşmanı qəbul edib.

Larri Ellisonun sərvəti 193 milyard dollardır

“Oracle” şirkətinin təsisçilərindən biri Larri Ellison 193 milyard dollarlıq sərvətlə siyahının yeddinci pilləsində yer alıb.

Ellisonun sərvətinin əsas mənbəyini 1977-ci ildə yaratdığı proqram təminatı şirkəti “Oracle” təşkil edir. Süni intellekt infrastrukturundakı inkişaflar fonunda “Oracle” səhmlərinin rekord səviyyəyə yüksəlməsi Ellisonun sərvətinə də təsir edib.

Ellison həmçinin oğlu ilə birlikdə “Paramount”, “Skydance” və “Warner Bros. Discovery” şirkətlərinin iştirak etdiyi media birləşmələrində rol oynayır. O, “TikTok”un ABŞ-dakı fəaliyyətini satın alan konsorsiumda da yer alıb və rəsmi yaşayış yerini Floridaya köçürüb.

Süni intellekt “Nvidia”nın sərvətini də artırıb

“Nvidia” şirkətinin təsisçisi və baş icraçı direktoru Censen Huanq 191 milyard dollarlıq sərvətlə dünyanın səkkizinci ən zəngin şəxsi olub.

Huanq şirkətin təxminən 3 faizinə sahibdir. “Nvidia”nın qrafik prosessorları əvvəlcə oyun sənayesində, daha sonra isə süni intellekt sahəsində mühüm mövqeyə yüksəlib.

Uşaqlıq illərində Taylanddan ABŞ-a köçən Huanqın rəhbərlik etdiyi “Nvidia”nın bazar dəyəri 5 trilyon dollara çatan ilk şirkət olduğu bildirilir.

Stiv Balmer 155 milyard dollarlıq sərvətlə siyahıdadır

“Microsoft”un ilk əməkdaşlarından biri olan Stiv Balmer 2000-2014-cü illərdə şirkətin baş icraçı direktoru vəzifəsini tutub.

155 milyard dollarlıq sərvətə sahib Balmer “Microsoft”un ən böyük fərdi səhmdarıdır.

“Microsoft”dakı vəzifəsindən ayrıldıqdan sonra NBA komandası “Los Angeles Clippers”ı satın alan Balmer stadion layihələrinə də yönəlib. O, həyat yoldaşı ilə birlikdə xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Balmerin indiyədək 6,5 milyard dollardan çox ianə etdiyi bildirilir.

Amansio Orteqa 148 milyard dollarla ilk 10-luqda

“Zara”, “Massimo Dutti” və “Pull & Bear” kimi markaları birləşdirən “Inditex” şirkətinin təsisçisi Amansio Orteqa 148 milyard dollarlıq sərvətlə siyahının 10-cu pilləsində yer alıb.

“Inditex”in təxminən 60 faizinə sahib olan Orteqa 2022-ci ildə şirkətin idarəçiliyini qızı Marta Orteqa Peresə verib.

İldə 400 milyon dollardan çox dividend gəliri əldə edən Orteqa bu vəsaiti “Apple” və “Amazon” kimi şirkətlərin də kirayəçi olduğu qlobal daşınmaz əmlak portfelinə yatırır. Orteqanın daşınmaz əmlak portfelinin dəyərinin 20 milyard dolları ötdüyü bildirilir.

Dünyanın ən zəngin 10 şəxsi

1. İlon Mask — 892 milyard dollar

2. Larri Peyc — 277 milyard dollar

3. Ceff Bezos — 268 milyard dollar

4. Sergey Brin — 256 milyard dollar

5. Maykl Dell — 241 milyard dollar

6. Mark Zukerberq — 197 milyard dollar

7. Larri Ellison — 193 milyard dollar

8. Censen Huanq — 191 milyard dollar

9. Stiv Balmer — 155 milyard dollar

10. Amansio Orteqa — 148 milyard dollar

Aydın