Xəbər lenti

Dünyanı təhdid edən səssiz qatil: Qarşısı alınmasa, milyonlarla insan ölə bilər
Sağlamlıq 16:09 10.07.2025

Dünyanı təhdid edən səssiz qatil: Qarşısı alınmasa, milyonlarla insan ölə bilər

Mədə xərçəngi hallarının dünya üzrə 76 faizinə səbəb olan Helicobacter pylori (H. pylori) adlı bakterioloji infeksiya, səssiz şəkildə irəliləyərək milyonlarla insanın həyatını risk altına alır. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər bu bakteriyanın yaratdığı infeksiyaların adətən həzm pozğunluğu, köp və ürəkbulanma kimi adi əlamətlərlə özünü göstərdiyini, lakin zamanla mədə toxumasına zərər verərək xərçəngə yol aça biləcəyini bildirirlər.

ÜST-dən ciddi xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzdində fəaliyyət göstərən Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən təqdim olunan son hesabatda qeyd edilir ki, 2008-2017-ci illər arasında doğulan nəsil arasında H. pylori infeksiyası ilə əlaqəli təxminən 12 milyon mədə xərçəngi hadisəsi qeydə alınıb. Bu isə həmin bakteriyanın mədə xərçənglərinin dörd də üç hissəsinə səbəb ola biləcəyini göstərir.

H. pylori necə yoluxur?

Mütəxəssislərə görə, H. pylori əsasən aşağı gigiyena şəraitində, çirkli su və qidalarla və ya yoluxmuş insanlarla birbaşa təmas nəticəsində yayılır.

Britaniyada hər il diaqnoz qoyulan təxminən 6.500 mədə xərçəngi halının 41 faizinin bu bakteriyaya bağlı olduğu bildirilir. Araşdırmalar göstərir ki, H. pylori daşıyıcılarında mədə xərçəngi riski 6 dəfə artır. Lakin antibiotiklərlə vaxtında müalicə bu riski əhəmiyyətli dərəcədə azalda bilər.

Qlobal həll yolu: Skan proqramları və erkən diaqnostika

"Nature Medicine" jurnalında dərc edilən tədqiqatda IARC-nin baş tədqiqatçısı Dr. Jin Yanq Park bildirib:

"Səhiyyə orqanları H. pylori üçün təcili olaraq milli skrininq və müalicə proqramlarını tətbiq etməlidirlər. Pilot layihələrlə erkən diaqnostika strategiyaları hazırlanmalıdır".

Tədqiqat qrupu 2022-ci ildə 185 ölkədəki mədə xərçəngi göstəricilərini təhlil edərək, qarşıdakı illərdə gözlənilən xəstəlik halları ilə bağlı proqnozlar hazırlayıb. Hesablamalara görə, lazımi tədbirlər görülməzsə, milyonlarla insan H. pylori səbəbiylə mədə xərçənginə tutulacaq.

Araşdırmada qeyd olunur ki, effektiv tarama proqramları sayəsində mədə xərçəngi halları qlobal miqyasda 75 faizədək azaldıla bilər.

Britaniyada H. pylori yoluxmaları azalır

Böyük Britaniyada aparılan tədqiqatlara əsasən, son 10 ildə mədə xərçəngi hallarında 25 faizdən çox azalma müşahidə olunub. Bu azalmaya, əsasən, gigiyena səviyyəsinin yüksəlməsi, sağlam qidalanma və siqaretin tərk edilməsi səbəb kimi göstərilir.

CRUK (Xərçəng Araşdırmaları Britaniya) təşkilatının səhiyyə məlumatları üzrə rəhbəri Dr. Reyçel Orritt bildirib:

"Britaniyada H. pylori artıq böyük narahatlıq doğurmur. Siqareti buraxmaq, sağlam qidalanmaq, alkoqol istehlakını azaltmaq və bədən çəkisini normada saxlamaq xərçəng riskini daha təsirli şəkildə azaldır".

Mədə xərçənginin simptomları hansılardır?

Mütəxəssislər aşağıdakı simptomların 3 həftədən uzun sürməsi halında həkimə müraciət etməyi tövsiyə edirlər:

* Mədə yanması
* Reflyuks 
* Udqunma çətinliyi
* Ürəkbulanma
* Həzm pozğunluğu
* Həddindən artıq qaz ifrazı
* Yemək zamanı tez doyma hissi
* Daha ciddi simptomlar:
* İştahsızlıq
* Qeyri-iradi çəki itkisi
* Mədə ağrısı
* Qarının yuxarı hissəsində şişkinlik və ya yumru hissi
* Həddindən artıq yorğunluq

Dünya üzrə vəziyyət

Statistikaya görə:

- Hər gün təxminən 18 britaniyalı və 83 amerikalıya mədə xərçəngi diaqnozu qoyulur.
- Böyük Britaniyada bu səbəblə ildə 4.200-dən çox, ABŞ-da isə 11.000-ə yaxın insan həyatını itirir.
- Mədə xərçəngi diaqnozu alan hər 6 xəstədən yalnız biri 10 ildən sonra da sağ qalır.
- Böyük Britaniyada hər 92 kişidən biri və 170 qadından biri həyatının hansısa dövründə mədə xərçənginə tutulur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->