Xəbər lenti

8 illik araşdırma 38 milyon xəstəyə ümid oldu - Korluğa son qoyulacaq
Sağlamlıq 21:46 11.06.2026

8 illik araşdırma 38 milyon xəstəyə ümid oldu - Korluğa son qoyulacaq

Kornea köçürülməsindən başqa müalicəsi olmayan və görmə itkisinə səbəb olan Fuchs distrofiyası üçün ümidverici bir inkişaf qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, 8 illik araşdırmanın nəticəsi olaraq hazırlanan göz damcısı dovşanlar üzərində uğurlu nəticələr göstərib. ABŞ-da keçirilən elmi konqresdə ən yaxşı məqalə seçilən tədqiqat milyonlarla xəstə üçün yeni ümid qapısı açıb.

Kornea transplantasiyası xaricində effektiv müalicəsi olmayan və ciddi görmə itkisinə səbəb olan Fuchs distrofiyası xəstəliyi üçün yeni müalicə istiqamətində mühüm irəliləyiş əldə olunub. Təxminən 38 milyon insanı təsir etdiyi bildirilən bu xəstəliyə qarşı hazırlanmış göz damcısı heyvan təcrübələrində müsbət nəticə verib.

Tədqiqat ABŞ-da keçirilən Katarakt və Refraktiv Cərrahiyyə Cəmiyyətinin (ASCRS) illik konqresində ən yaxşı elmi məqalə seçilərək beynəlxalq diqqət qazanıb.

Türk oftalmoloq Dr. İskəndər Alqın Solmaz tərəfindən 8 il əvvəl başladılan araşdırma ilkin mərhələdə laboratoriya və heyvan sınaqları ilə davam etdirilib. 4 nəfərlik komanda ilə aparılan işlərdə 6 ay boyunca dpvşanlar üzərində sınaqlar həyata keçirilib və göz damcısı ilə xəstəliyin təsirinin azaldığı müşahidə olunub. Uğurlu nəticələrdən sonra layihəyə investor dəstəyi də cəlb olunub və klinik mərhələyə keçid üçün hazırlıqlar başlayıb.

Dr. Solmazın sözlərinə görə, Fuchs distrofiyası əsasən 40 yaşdan sonra başlayan və 10 il ərzində görmə qabiliyyətinin ciddi şəkildə azalmasına səbəb olan genetik mənşəli bir xəstəlikdir. Xəstəlik korneanın endotel təbəqəsinin zədələnməsi ilə inkişaf edir və xəstələrdə "buzlu şüşə” kimi görmə yaranır.

Mütəxəssislər bildirirlər ki, hazırda 7 böyük ölkədə təxminən 38 milyon xəstə bu problemdən əziyyət çəkir. Tədqiqatın növbəti mərhələsi olan Faza-1 klinik sınaqlara hazırlıq gedir. Layihə qrupu bunun üçün təxminən 5 milyon dollarlıq maliyyəyə ehtiyac olduğunu bildirir.

Layihənin məqsədi ABŞ Qida və Dərman Administrasiyasından (FDA) təsdiq alaraq bu göz damcısını geniş istifadə üçün təqdim etməkdir. Bu uğur əldə olunarsa, həm xəstələrin həyat keyfiyyəti yüksələcək, həm də kornea köçürülməsi kimi bahalı əməliyyatlara ehtiyac azalacaq.

Tədqiqatın 2030-cu ilə qədər klinik təsdiq alması hədəflənir.

Aydın
--> -->