Avropa İttifaqının yeni açıqladığı məlumatlara görə, yeniyetmələr məktəb günlərində ekran qarşısında orta hesabla 4,5 saat vaxt keçirirlər. Həftəsonları isə bu müddət 6 saatdan çox olur.
Ümumilikdə, Avropada hər yeddi yeniyetmədən biri, yəni təxminən 14 faizi, ekran qarşısında ən azı 8 saat vaxt keçirdiyini bildirir. Şənbə və bazar günləri bu göstərici 10 saatdan çox olur.
Qaynarinfo Deutsche Welle-ə istinadla xəbır verir ki, sorğuda iştirak edən yeniyetmələrin 40 faizi ekran istifadəsinin həyatlarına müsbət təsir etdiyini bildirib. 29 faiz isə bunun mənfi tərəflərindən danışıb. 13-18 yaşlıların təxminən yarısı sosial medianın psixi sağlamlığa müsbət təsir etdiyini düşünür.
Digər tərəfdən, hər üç yeniyetmədən biri sosial mediada özünü kənarlaşdırılmış, kədərli və ya stress altında hiss etdiyini deyib. 40 faizdən çoxu diqqət yayınıqlığı və yuxu problemləri yaşadığını bildirib.
Məlumatlara görə, Avropa yeniyetmələrinin üçdə birindən çoxu sosial mediada yanlış məlumatlarla, dörddə biri nifrət nitqi ilə, təxminən beşdə biri isə istənməyən zorakı kontentlə qarşılaşdığını qeyd edib.
Ekran vaxtı və sosial media istifadəsi fərqli anlayışlardır
Western Sydney Universitetinin professoru Tanya Notley bildirib ki, sosial media ilə psixi sağlamlıq arasında birbaşa əlaqə müəyyən edilməyib və məsələ daha mürəkkəbdir.
Onun sözlərinə görə, siyasətçilər ekran qarşısında keçirilən vaxtla sosial media istifadəsinin təsirini fərqləndirməlidirlər.
Notley qeyd edib ki, ekran vaxtı təkcə sosial medianı deyil, həm də televiziya izləmək və ev tapşırıqlarını yerinə yetirmək kimi fəaliyyətləri əhatə edir. Buna görə də sosial media istifadəsinə ayrıca diqqət yetirmək daha məqsədəuyğundur.
Sorğuda iştirak edənlərin təxminən yarısı sosial media platformalarında mövcud qaydaların daha yaxşı tətbiq olunmasını, 44 faizi isə sosial media üzrə maarifləndirmənin artırılmasını istəyib. Ümumilikdə, respondentlərin təxminən yarısı əlavə məhdudiyyətlərin və yaş hədlərinin tətbiqinin vacib olduğunu vurğulayıb.
Avropada uşaqlar üçün sosial media qadağaları planlaşdırılır
Böyük Britaniya, Avstraliya, Norveç və Kanada kimi ölkələr uşaq və yeniyetmələrin sosial mediaya çıxışının məhdudlaşdırılması istiqamətində qanunvericilik hazırlayır.
Bu ilin əvvəlində İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada 16 yaşdan aşağı yeniyetmələr üçün sosial media istifadəsinin 2027-ci ildən qadağan ediləcəyi açıqlanıb.
Avropa Komissiyası isə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı müstəqil komissiya yaradıb və nəticələrin bu ilin iyulunda təqdim olunacağı gözlənilir. Bu, 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağasının nəzərdən keçirildiyi anlamına gəlir.
Qadağaların yarada biləcəyi çətinliklər
Avropa Gənclər Forumunun prezidenti Rares Voicu bildirib ki, bu cür geniş qadağalar qlobal sosial media istifadəsinin mürəkkəbliyini nəzərə almır. O vurğulayıb ki, sosial media gənclər üçün əsas informasiya və sosiallaşma mənbələrindən biridir.
Avstraliyanın Deakin Universitetinin tədqiqatçısı Nandi Vijayakumar sosial medianın gənclərin şəxsiyyətinin formalaşmasına, dostluqlarının inkişafına və əlaqələrin saxlanmasına kömək etdiyini qeyd edib.
Voicu əlavə edib ki, sosial media qadağası tətbiq olunarsa, gənclərin hansı fəaliyyətlərlə məşğul olacağı əvvəlcədən planlaşdırılmalıdır. Yeni fəaliyyətlər sosial medianın yaratdığı icma hissini əvəz etməlidir.
Aydın
Şərhlər