Qızıl tez-tez nəcib metal adlandırılır. Lakin bu xüsusiyyətin arxasında duran səbəblər indiyədək tam aydın deyildi. İndi alimlər bu metalın əsrlər boyu dəyərini və görünüşünü niyə qoruyub saxladığını izah ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri yazır.
Məlum olduğu kimi, təmiz qızıl oksigenlə demək olar ki, reaksiyaya girmir. Buna görə də metal paslanmır və yüzlərlə, hətta minlərlə il ərzində dəyişməz qala bilir. Maraqlıdır ki, müasir elmi araşdırmalar qızıl nanohissəciklərinin müxtəlif reaksiyaları, o cümlədən oksigenin iştirakı ilə baş verən prosesləri sürətləndirdiyini göstərib. Məhz bu reaksiyalar digər metalların paslanmasına və qaralmasına səbəb olur.
Bu ziddiyyəti atom səviyyəsində araşdırmaq üçün "Tulane" Universitetinin tədqiqatçıları qızıl səthində ən çox rast gəlinən iki strukturun oksigen molekulları ilə qarşılıqlı təsirini öyrəniblər.
Səthin yenidən qurulması paslanmanın qarşısını alır
Paslanma prosesi adətən oksigen molekulunun iki ayrı atoma parçalanması və metal səthinə yapışması ilə başlayır. Alimlərin sözlərinə görə, qızılın qeyri-adi xüsusiyyətləri məhz bu mərhələdə üzə çıxır.
Qızılın səthində yaranan hər yeni cızıq atomların düzülüşünü dəyişir. Tədqiqatın nəticələrinə görə, əvvəllər hesab olunurdu ki, qızıl sadəcə oksigenlə reaksiyaya girmədiyi üçün qaralmır. Lakin indi məlum olub ki, onun oksidləşməyə davamlılığı atomların səthi yenidən təşkil etməsi ilə bağlıdır.
Alimlər bu prosesi "səthin rekonstruksiyası” adlandırırlar. Bu zaman yeni açılmış qızıl səthindəki ən üst atomlar metalın daxilində olduqları vəziyyətdən fərqli şəkildə düzülür.
Model hesablamaları göstərib ki, atomların daha boş və kvadratvari yerləşdiyi rekonstruksiya olunmamış səthlərdə oksigen molekullarının parçalanması üçün kifayət qədər yer mövcuddur. Lakin atomlar daha sıx, altıbucaqlı quruluşa bənzər formada yerləşdikdən sonra bu proses xeyli çətinləşir.
Kəşfin miqyası alimləri təəccübləndirib
Araşdırmanın nəticələrinə görə, rekonstruksiya olunmuş qızıl səthlərində oksigenlə reaksiya milyardlarla, hətta trilyonlarla dəfə daha yavaş baş verir.
Məqalədə qeyd olunur: "Bu kəşf kimyaçıların qızılın məşhur davamlılığı haqqında təsəvvürlərini dəyişir. Məlum olub ki, qızıl sadəcə oksigeni ‘görməzdən gəlmir’. Onun səthi daha aşağı enerjili həndəsi formaya keçməyə meyllidir və bu forma eyni zamanda oksidləşməyə qarşı ən davamlı quruluşdur”.
Əlbəttə, bu müdafiə tam deyil. Çünki qızıl oksidi özü qeyri-sabit birləşmə hesab olunur. Bununla belə, araşdırma göstərir ki, qızıl əvvəl düşünülən kimi tam inert metal deyil və xarici strukturunu dəyişdirmək qabiliyyətinə malikdir.
Bu xüsusiyyət həm də qızıl sikkələrin və zinət əşyalarının niyə min illərlə öz görünüşünü qoruyub saxladığını izah edir.
Aydın
Şərhlər