Siyasət 17:41 08.06.2023

"Ermənistan sülhün əldə edilməsi ilə deyil, vaxtı uzatmaqla məşğuldur" (ŞƏRH)

"Məlumatların təhlili mənə optimist olmağa imkan vermir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında ilk dəfə olaraq sülhün əlçatan olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

"Sülhün bərqərar olmasına mane olan Ermənistandır. Hesab edirəm ki, Ermənistanın siyasi elitası sülhün əldə edilməsi ilə deyil, vaxtı uzatmaqla məşğuldur. Məndə olan məlumat və təhlillərim nikbinliyə yer qoymur”, deyə sabiq nazir bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi  ilk dəfə olaraq sülh əlçatan edir: "Son bir neçə  həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib".

Rüfət Sultan