Antik Romanın möhtəşəm şəhərlərində su kəmərləri çeşmələrə, hamamlara və evlərə həyat daşıyan mühəndislik möcüzəsi kimi ucalırdı. Romalıların icad etdiyi davamlı beton sayəsində inşa edilən bu nəhəng şəbəkələr, əslində daxilində gizli bir təhlükəni də saxlayırdı.
Qaynarinfo xəbər verir ki, şəhərin kapilyar damarları kimi hər yerə uzanan borular və birləşdirici hissələr yumşaq bir metaldan — yəni qurğuşundan hazırlanırdı. Bu gün bir çox alim Roma əhalisinin gündəlik həyatda hiss etmədən orqanizmə daxil olan bu metalın imperiyanın süqutunda səssiz bir zəhər rolunu oynayıb-oynamadığını müzakirə etməyə davam edir.
Romalılar qurğuşundan təkcə su təsərrüfatında istifadə etmirdilər. Suyun toplandığı anbarlar qurğuşunla örtülür, su borularda qaldıqca metal ilə təmasda olurdu. Təhlükə yalnız su ilə məhdudlaşmırdı: romalılar qidaları saxlamaq, şərabı şirinləşdirmək və yemək bişirmək üçün də qurğuşun astarlı qablar işlədirdilər. Gündəlik həyatda bu qədər geniş yayılmış məruz qalma, cəmiyyətin sağlamlığına ciddi təsir göstərən kütləvi zəhərlənməyə yol açmış ola bilər.
Elm dünyası iki yerə bölünüb: Süqutun əsas səbəbi, yoxsa yan amil?
Tarixçilər və alimlər onilliklərdir bu nəzəriyyənin izini sürürlər. 1960-cı illərdə S. Kolum Qilfillan qurğuşun istifadəsinin Roma elitasında sonsuzluğa, zehni qabiliyyətlərin zəifləməsinə və fiziki dözümlülüyün azalmasına səbəb olduğunu irəli sürərək böyük müzakirə başlatmışdı. 1983-cü ildə isə geokimyaçı Cerom O. Nriaqu Roma aristokratları arasında geniş yayılan podaqra xəstəliyini qurğuşun zəhərlənməsi ilə əlaqələndirmişdi.
Mövzuya maraq 2025-ci ildə dərc olunan yeni araşdırma ilə yenidən artıb. Arktika buz nüvələrini araşdıran alimlər Roma dövründə Avropa üzrə qurğuşun çirklənməsinin pik həddə çatdığını sübut ediblər. Bununla belə, bir çox tarixçiyə görə Roma imperiyasının süqutu daha mürəkkəb xarakter daşıyırdı. İqtisadi çətinliklər, hərbi təzyiqlər, siyasi çəkişmələr və iqlim dəyişiklikləri kimi nəhəng problemlər fonunda qurğuşun zəhərlənməsi prosesi sürətləndirən yalnız bir yan amil kimi qiymətləndirilir.
Orqanizmdə toplanan gizli düşmən
Qurğuşun insan orqanizmi üçün təhlükəsiz həddi olmayan son dərəcə toksik ağır metaldır. Qan dövranına daxil olduqda qaraciyər, böyrəklər və beyin kimi yumşaq toxumalara yayılır. Zamanla sümüklərdə və dişlərdə toplanaraq illərlə orada qala bilir. Sinir sistemini iflic edən bu metal kalsium və sinki təqlid edərək qan-beyin baryerini aşır və beyin hüceyrələrinə qalıcı zərər verir.
Müasir tibbdə qurğuşuna məruz qalmanın zehni geriləmə, yaddaş itkisi və davranış pozuntularına səbəb olduğu artıq sübuta yetirilib. Müasir dövrdə ABŞ-ın Flint şəhərində yaşanan su böhranı infrastruktur mənşəli zəhərlənmənin bir cəmiyyəti necə səssiz şəkildə təsir altına ala biləcəyini göstərdi. Antik Romada da oxşar mexanizmin işlədiyi və bütöv bir sivilizasiyanın qərarvermə qabiliyyətini, sağlamlığını və gələcəyini tədricən kölgədə qoyduğu fikri o qədər də məntiqsiz görünmür.
Aydın
Şərhlər