Süni intellekt (Al) alqoritmlərinin tətbiqi ilə aparılan araşdırma nəticəsində alimlər Əhdi-Ətiqin - xristian Bibliyasının ilk hissəsinin üç fərqli müəllif tərəfindən yazılmış ola biləcəyini müəyyən ediblər. Bu nəticə, ilk beş kitabın Musaya aid edilməsi ilə bağlı klassik nəzəriyyəni şübhə altına alır.
Qaynarinfo xəbər verir ki, tədqiqat nüfuzlu "PLOS One" jurnalında dərc olunub.
Linqvistik sübutlar və Al təhlili
Tədqiqat çərçivəsində linqvistik atributlaşdırma – yəni cümlə strukturlarının, söz tezliyinin və sintaktik konstruksiyaların təhlili aparılıb. Bu yanaşma üç aydın şəkildə fərqlənən yazı tərzini üzə çıxarıb. Süni intellekt modelinin analizi göstərib ki, müəlliflər fərqli yazı üslubuna malik olublar. Bu üslublar bəzən üst-üstə düşsə də, təkrarlanan süjetlər, ziddiyyətli təsvirlər və nəql tonundakı dəyişikliklər onların müxtəlifliyi barədə aydın mənzərə yaradıb.
Əslində, çoxmüəllifli versiya XVIII əsrdən bəri elmi müzakirələrdə yer alırdı, lakin indiyədək yalnız filoloji və tarixi-mədəni dəlillərə əsaslanırdı. Bu tədqiqat isə müasir texnologiyaların köməyi ilə ilk dəfə olaraq obyektiv və sayısal analiz təqdim edir və Əhdi-Ətiqin kollektiv şəkildə və müxtəlif dövrlərdə tərtib edildiyi fikrini daha da gücləndirir.
Təkcə bir kitabda belə üslub fərqləri var
Maraqlıdır ki, stilistik fərqlər hətta eyni kitab daxilində də müşahidə olunub. Bu isə zamanla edilmiş çoxsaylı redaktə və əlavələrə işarə edir. Tarixçilərin fikrincə, Əhdi-Ətiq təxminən e.ə. 1400–IV əsrlər arasında formalaşıb. Bu müddətdə qədim israillilərin köçəri həyatından, Babil əsirliyinə, daha sonra isə sürgündən qayıdışa qədər müxtəlif tarixi mərhələlərdə mətnlər yazılıb, dəyişdirilib və uyğunlaşdırılıb.
Əksər müəllif və redaktorların adları bu gün naməlum qalır. Bu kitablar kollektiv intellektual ənənənin məhsulu sayılır.
Gələcəkdə digər qədim mətnlər də təhlil edilə bilər
Alimlər hesab edirlər ki, Kumran əlyazmaları da daxil olmaqla digər qədim mətnlərin mənşəyini və müəllifliyini müəyyən etmək üçün oxşar İİ üsulları tətbiq oluna bilər. Bu isə, ənənəvi metodların qeyri-kafi qaldığı hallarda mətnlərin orijinallığını sübut etməkdə yeni imkanlar açır.
Aydın
Şərhlər