Futbol dünyasının ürəyi tezliklə Amerika qitəsində döyünməyə başlayacaq, lakin alimlərin son texnologiyalı simulyasiyası həyəcanı hələ indidən formalaşdırır. Böyük məlumat bazasını analiz edən süni intellekt alqoritmi turnirə qatılacaq bütün ölkələrin çempionluq şansını ayrı-ayrılıqda hesablayaraq nəticələri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Amerika qitəsinin üç böyük ölkəsi Kanada, Meksika və ABŞ-ın birgə ev sahibliyi edəcəyi bu nəhəng futbol turnirinə az vaxt qalıb. Tribunaların səbirsizliklə gözlədiyi yarış öncəsi elmi dairələr də öz proqnozlarını təqdim edir.
İnnsbruk Universiteti tərəfindən aparılan araşdırmada turnirə qatılan 48 komandanın çempionluq ehtimalları riyazi model əsasında hesablanıb. Nəticələr xüsusilə İspaniya tərəfdarları üçün ümidverici olub. Tədqiqatçılara görə, turnirin ən böyük favoriti 14,5 faizlə İspaniyadır. İngiltərə isə 12,4 faizlə ikinci yerdə qərarlaşıb.
Turnirin əvvəlki illərlə müqayisədə daha bərabər güclü rəqabətə səhnə olacağı qeyd edilir. Siyahıda İngiltərədən sonra yenə 12,4 faizlə Fransa, 11,2 faizlə isə Almaniya gəlir. Aşağı sıralarda Şotlandiyanın 0,2 faiz kimi çox aşağı şansı olduğu göstərilir. Siyahının sonunda isə ən zəif ehtimala malik komanda kimi İordaniya yer alır. Türkiyənin çempionluq şansı isə təxminən 1 faiz olaraq qiymətləndirilib.
Bəs bu nəticələr necə müəyyən olunub? Mütəxəssislər komandaların keçmiş beynəlxalq oyun performanslarını, mərc şirkətlərinin cari göstəricilərini, futbolçuların klub və milli komanda statistikalarını və heyətlərin ümumi bazar dəyərini analiz edib. Bütün bu böyük məlumat axını inkişaf etmiş maşın öyrənməsi alqoritmi ilə işlənib.
Sistem 48 komanda arasında mümkün bütün qarşılaşmaları simulyasiya edərək qol saylarını belə proqnozlaşdırıb. Modelə görə Portuqaliya 8,9 faiz, son dünya çempionu Argentina 8,2 faiz, Niderland 5,6 faiz və Braziliya 4,7 faiz şansla göstərilir. Siyahının aşağı hissəsində isə İordaniya ilə yanaşı Qətər, İraq, Cənubi Afrika və Curacao kimi komandalar yer alır.
Dortmund Texniki Universitetindən Andreas Qroll isə bu göstəricilərin yalnız ehtimallardan ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, hətta ən güclü favoritlərin belə qazanma şansı 20 faizi keçmir ki, bu da digər komandaların ümumi olaraq böyük paya sahib olduğunu göstərir.
Araşdırmanı aparan komanda əvvəlki turnirlərdə də düzgün proqnozlar verdiyini bildirir. Onların 2010 Dünya Kuboku, AVRO-2012 və 2019 Qadınlar Dünya Kubokunun nəticələrini dəqiq şəkildə öncədən müəyyən etdiyi qeyd olunur.
Aydın
Şərhlər