Xəbər lenti

Şəhla Gündüz. Şeirlər
Sənət 17:37 04.06.2026

Şəhla Gündüz. Şeirlər

Şəhla Gündüz (Abbasova - Mövsümova Şəhla Gündüz qızı), şair-publisist, AYB və AJB-nin üzvü, "Xan qızı Natəvan" və "Mikayıl Müşfiq" mükafatları laureatı, prezident təqaüdçüsü, müəllim.

Gizlənpaç
                                     
Ağrılarla gecə-gündüz bir gizlənpaç oynayıram,
Qeyb olmağa çalışsam da, tapırlar məni. 
Onları bu ürəyimdən çətin ayıram, 
Özlərinə rahat yuva yapırlar məni.

Ha qovuram, getmirlər ki... 
Tükənmirlər, bitmirlər ki...

Vallah, bir gün bu zillətdən bezib, 
cana doyacağam!
Ağrıların gözlərini oyacağam! 
Hamısına ölüm hökmü yazacağam! 
Özümü dəli könlümün 
zəncirindən asacağam!

Allah, mənə "ağıl" ver!

Damla-damla yığıldım, gur bir əsəb seliyəm.
Mən dayaq axtarmadım, öz əlimdə çəliyəm.
Bu qədər "ağıllı"nın içində bir "dəli"yəm.
Allah, mənə ağıl ver! 

Sən məni yaradanda, alçaq yaratmalıydın,
Nahaq sözün önündə yumşaq yaratmalıydın,
Bir məkirli, bir namərd uşaq yaratmalıydın,
Allah, mənə ağıl ver! 

Yalanları uc-uca qoşub, düzə bilmirəm,
Həqiqəti deməkdən doyub bezə bilmirəm, 
Mən "ağıl dəryası"nda neynim, üzə bilmirəm,
Allah, mənə ağıl ver! 

"Ağıllı" bəndələrin tələb edir: "dağıl, ver !
Son qətrəsinə qədər qısır olma, sağıl, ver! 
Paran yoxsa, utanma, ayaqlara yıxıl ver!” 
Ya onları dəli et, ya da mənə ağıl ver! 
Allah, mənə ağıl ver!

Allah bilir…

Çiynim dayaq oldu pudlarla duza, 
Baha başa gəldim neçə ucuza, 
Canımı xərclədim cəfəng kabusa, 
Vermədilər bu xərcimin qəbzini.

Kim deyir rahatla yanaşı oldum?!
Mən iki Şəhlanin savaşı oldum, 
Dünyaya xam gəldim, eh, naşı oldum,
Tutammadım bu həyatın nəbzini.

Ovqatımdan neçə şeir fışqırır, 
Hər bir kəlməm haqq, ədalət qışqırır, 
İçimdə bir qara sevda hıçqırır, 
Çəkinmə, yum bu sevdanın ağzını! 

"Ağıllı"nın qırımından qorxuram, 
Rişxəndindən, sarımından qorxuram, 
Adamların haramından qorxuram,
Allaha yazmışam bütün ərzimi! 

Mən öncə kim idim, indicə kiməm?! 
Daha körüklənmir soyumuş sinəm, 
Nəkarayam qismətinə dillənəm?! 
Tanrım bilir əməlinin məğzini!

Bu da bir cür bəxtdir...

Ay aman, qara saçıma
Bu qar nə tez yağdı belə?! 
Mənim bəxtim çoxdan yatıb, 
Əsəbim oyaqdır belə!

Həyat imtahanı çətin, 
Hər dəqiqəm sınaq altda, 
Parasız ağlayan cibim
Bir yerimdir qınaq altda,
Durub, dövrəmə boylandım, 
Neçə dostum torpaq altda,
Düşmənlərim sağdır belə! 

Xoş güzəran yolu azıb, 
Qayğılarım kəsə gəlir, 
Çəkəninə bərəkallah! 
Əziyyət o kəsə gəlir. 
Bütün günü əlləşənə
Əlcə çörək nisyə gəlir, 
Aclıq dərdi nağddir belə!
 
Sinirlərib, cinə minmə, 
Həsəd çökəyinə enmə, 
Mən susuram, sən də dinmə! 
Bu da bir cür bəxtdir belə!
--> -->