Xəbər lenti

Gecikməyə düşən qəpiklə qalan borc,  narazı müştəri,
Ekonomiks 17:55 20.04.2026

Gecikməyə düşən qəpiklə qalan borc, narazı müştəri, "haqlı" bank - Qanun nə deyir?

Bankdan kredit almaq üçün müraciət edən bir çox vətəndaş bəzən gözlənilməz maneə ilə üzləşir. Əvvəl götürülmüş kredit üzrə "simvolik" hesab olunan qəpik borc və ya texniki gecikmə səbəbindən kredit tarixçəsində mənfi qeyd yaranır. Belə olanda isə yeni kredit müraciəti rədd edilir. Müştərilər düşünür ki, yekun məbləği ödəyirsə, bank qalan əlavə qəpik borcu haqqında məlumat verməlidir, çünki onlar bundan xəbərsiz olur və kredit tarixçələrinə "gecikmə" düşür. 

Qəpiklə qalan ödənişə görə kredit tarixçəsinə "gecikmə" düşməsi qanunidir? Burda bankın məsuliyyəti necə müəyyən olunur?  

Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədov Qaynarinfo-ya bu və digər sualları izah edərkən bildirib ki, bu hal ilk baxışda anlaşılmaz və sərt görünsə də, bank sisteminin və qanunvericiliyin fundamental prinsiplərinə əsaslanır. Çünki sistem üçün gecikmənin məbləği deyil, faktı həlledicidir:

"Beynəlxalq bankçılıq standartları və skorinq modelləri məhz bu fakt əsasında müştərinin risk profilini dəyərləndirir. "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, kredit bürosu məlumat təchizatçılarından əldə etdiyi məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını təqdim edir. Büro məlumatları kredit təşkilatlarına neytral şəkildə ötürür: borcalanın maliyyə öhdəlikləri barədə ən dəqiq və son məlumatları təqdim edərək maliyyə assimetriyasını azaldır. Müsbət hal odur ki, bu sistem şəffafdır. Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) məbləğindən asılı olmayaraq bütün kredit öhdəlikləri haqqında məlumatları özündə cəmləşdirir. Bu şəffaflıq sayəsində banklar daha dəqiq risk qiymətləndirməsi aparır, bu da ümumilikdə maliyyə sisteminin sağlamlığına xidmət edir".

İsmayıl Məmmədovun sözlərinə görə, kredit portfelin idarə olunmasında kredit tarixçəsi əsas meyar kimi qalmaqdadır:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən, tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini sərbəst müəyyənləşdirirlər. Kredit müqaviləsi bağlayarkən müştəri ödəniş qrafikinə tam və vaxtında riayət etməyi öhdəsinə götürür. Bu öhdəliyin pozulması, məbləğindən asılı olmayaraq, banka risk qiymətləndirməsində müvafiq addımlar atmaq hüququ verir".



Həmsöhbətimiz deyir ki, Azərbaycan bankları praktikasında, müştərilərin məhz belə xırda borclara görə kredit tarixçəsinin korlanmaması üçün proaktiv məlumatlandırma siyasəti geniş tətbiq olunur:
 
"Təcrübədə, bir çox banklar gecikmə günlərindən etibarən qısa müddət ərzində (məsələn, 3 iş günü) müştərini SMS və ya telefon zəngi ilə məlumatlandırır. Bu məlumatlandırıcı SMS-lər məhz qalan xırda borcun kredit tarixçəsini pozmasının qarşısını almaq məqsədi daşıyır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyində (məsələn, İnzibati Xətalar Məcəlləsində) bankın hər bir gecikmə halı üçün SMS göndərməsini tələb edən imperativ norma yoxdur. Mülki Məcəllənin prinsipləri müqavilə azadlığını tanıyır, lakin SMS bildirişi məcburi tələb kimi deyil, daha çox bankın daxili siyasəti və ya müqavilə öhdəliyi kimi çıxış edir".
 
"Yaranmış bu kimi problemlərlə bağlı bankın hansı məsuliyyəti var" sualına isə ekspert cavab olaraq bildirib ki, burda fundamental məsuliyyət məhz müştərinin üzərinə düşür:

"Belə ki, ödəniş qrafikinə riayət etmək, kredit müqaviləsi üzrə əsas öhdəlikdir. Müştəri "artıq yekun məbləği ödədiyini düşünürsə" belə, borcun tam bağlandığına dair rəsmi arayış almaq və ya hesabı şəxsən yoxlamaq məhz onun öz məsuliyyətidir. Kredit təşkilatları Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatları tam avtomatlaşdırılmış rejimdə təqdim edir. Sistem borcun məbləğini fərqləndirmir. O, sadəcə olaraq öhdəliyin yerinə yetirilib-yetirilmədiyini qeydə alır. Əgər müqavilə üzrə nəzərdə tutulmuş məbləğ tam ödənilməyibsə, bu, texniki olaraq "gecikmə" statusu ilə nəticələnir".
 
İsmayıl Məmmədov əlavə edib ki, kredit tarixçəsində gecikmə günlərinin olması şəxsin kreditə çıxış imkanlarını tam olaraq məhdudlaşdırmır. Bu o deməkdir ki, hər bir müraciət fərdi qaydada və kompleks meyarlar əsasında dəyərləndirilir:

"Qəpik borcları ilə bağlı kredit tarixçəsinə düşən gecikmələr təəssüf doğursa da, bu, sistemin qüsuru deyil, sistemin fundamental prinsiplərinin təzahürüdür. Bu prinsiplər, yəni hər bir öhdəliyin bərabər şəkildə ciddi qeydiyyatı maliyyə bazarının şəffaflığını, bankların dayanıqlığını və sonda bütün iştirakçıların maraqlarını təmin edir. Hər bir maliyyə öhdəliyi, istər 1 milyon manat, istərsə də 1 qəpik olsun, bu, müqavilə məsuliyyətinin fundamental təzahürüdür. Bank sistemi bu fundamental həqiqət üzərində qurulub. Sonda qazanan həm intizamlı borcalanlar, həm də dayanıqlı bank sektoru olur".
 
Günay İlqarqızı

--> -->