ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) hazırda agentliyin müşahidəsində olan təsdiqlənmiş Günəş sistemi xarici planetlərin (ekzoplanetlərin) sayının 5602 olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, 2025-ci il ekzoplanetlərin kəşfinin 30 illiyi ilə əlamətdar olub. Günəşə bənzər bir ulduzun orbitində yerləşən ilk ekzoplanet – 51 Pegasi b – 1995-ci ilin oktyabrında aşkarlanıb. O vaxtdan bəri alimlər milyardlarla mövcud olduğu ehtimal edilən planetlərdən daha 6000-ə yaxınını təsdiqləyiblər.
Kosmik agentliyin məlumatına görə, aşkarlanan planetlərin əksəriyyəti Süd Yolu qalaktikasında, Yerə yaxın bölgələrdə yerləşir və bu məsafə bir neçə min işıq ilini əhatə edir. Müqayisə üçün, Yerə ən yaxın ekzoplanet olan Proxima Centauri b təxminən 4 işıq ili uzaqlıqda yerləşir.
Müasir müşahidələr göstərir ki, Süd Yolunda ulduzlardan daha çox planet mövcuddur. Hazırda astronomlar ekzoplanetlərin kütləsini və ölçüsünü ölçə bilir ki, bu da onların tərkibi barədə müəyyən ehtimallar irəli sürməyə imkan verir.
Bundan əvvəl bildirilmişdi ki, ekzoplanetlərdə texnosiqnalların (yəni texnoloji fəaliyyət izlərinin) axtarışı müasir astronomiyanın ən çətin vəzifələrindən biri olaraq qalır. Mümkün siqnalların sayı çox olsa da, mövcud teleskopların imkanları hələlik məhdud sayda müşahidə aparmağa imkan verir.
Aydın
Şərhlər