Xəbər lenti

Öncə viza, indi də bilet böhranı: ABŞ İranın kvotasını ləğv etdi
Dünya 16:01 09.06.2026

Öncə viza, indi də bilet böhranı: ABŞ İranın kvotasını ləğv etdi

İran Futbol Federasiyası 2026 FIFA Dünya Kubokunun qrup mərhələsi oyunları üçün ayrılan bilet kvotasının ABŞ tərəfindən ləğv edildiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bəlumatı AFP yayıb.

Federasiyanın bildirdiyinə görə, ABŞ ev sahibliyi edəcəyi qrup oyunları üçün İran millisinə ayrılan bilet kontingentini geri çəkib və hazırkı vəziyyətdə İran tərəfi azarkeşlər üçün heç bir bilet təqdim edə bilmir.

İran tərəfi bu qərarın ABŞ və İsrail arasında baş verən hərbi gərginlik fonunda qəbul edildiyini iddia edib və Vaşinqtonun turnir çərçivəsində əlavə bürokratik məhdudiyyətlər yaratdığını bildirib.

Federasiya açıqlamasında qeyd edib ki, FIFA qaydalarına əsasən hər matç üçün biletlərin təxminən 8 faizi iştirakçı ölkələrin federasiyalarına ayrılır və bu biletlər rəsmi kanallar vasitəsilə azarkeşlərə paylanır. Bildirilib ki, İran bu kvotanı aldıqdan sonra Yeni Zelandiya, Belçika və Misir ilə keçiriləcək qrup oyunları üçün satışlara başlamış, bəzi azarkeşlər isə artıq səyahət planları qurmuşdular.

İran Futbol Federasiyası həmçinin vurğulayıb ki, oyunlara bir neçə gün qalmış bilet kvotasının ləğvi "İranlı azarkeşlərin stadionlarda iştirakını əngəlləməyə yönəlmiş addım” kimi qiymətləndirilir.

Qurum FIFA və turnir təşkilatçılarına çağırış edərək, beynəlxalq yarışların ruhuna uyğun olaraq bərabərlik, ədalət və tərəfsizlik prinsiplərinə əməl edilməsini tələb edib.

Hazırda FIFA və ABŞ-ın turnir təşkilatçıları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bu, İranın dünya kubokuna hazırlığı zamanı yaşadığı ilk problem deyil. Daha əvvəl də İran nümayəndə heyətində yer alan 15 inzibati və idarəedici şəxsin viza müraciətlərinin ABŞ tərəfindən təsdiqlənmədiyi və onların ölkəyə girişinə icazə verilmədiyi bildirilmişdi.

Gərginlik səbəbindən İran milli komandası ABŞ-ın Arizona ştatının Tucson şəhərində planlaşdırılan hazırlıq düşərgəsini ləğv edərək, hazırlıqları Meksikanın sərhəd şəhəri Tijuana bölgəsinə köçürmək məcburiyyətində qalmışdı.

İran milli komandası dünya kubokunda ilk oyununu 15 iyunda Los-Ancelesdə Yeni Zelandiya ilə keçirəcək. 21 iyunda yenə Los-Ancelesdə Belçika, 26 iyunda isə Sietldə Misir ilə qarşılaşacaq.

Aydın
--> -->